Mahmud Qurbanov: "Liverpul"la oyunda qazanılacaq bir xal "Qarabağ" üçün çox yaxşı nəticə olacaq"
- 27 yanvar, 2026
- 12:10
Yeniliklərdən dərhal xəbərdar olun!
UEFA Çempionlar Liqasının Liqa mərhələsinin son turunda, "Liverpul"la oyunda qazanılacaq 1 xal "Qarabağ" üçün çox yaxşı nəticə olacaq.
Bunu "Report"a açıqlamasında Azərbaycan yığmasının sabiq məşqçisi Mahmud Qurbanov deyib.
Mütəxəssis "Liverpul"un İngiltərə çempionatında sabit oyun nümayiş etdirmədiyini söyləyib:
"Qarabağ"ın pley-offa çıxmaq şansı kifayət qədər çoxdur. Komanda İngiltərənin nəhəng klublarından birinə qarşı mübarizə aparacaq. "Liverpul" İngiltərə çempionatında sabit oyun nümayiş etdirməsə də, nəticələri yaxşı olmasa da, söhbət çox güclü bir komandadan gedir. Düşünürəm ki, qazanılacaq bir xal "Qarabağ" üçün çox yaxşı nəticə olar. Bu, həm pley-offa vəsiqəni rəsmiləşdirər, həm də komanda üçün böyük uğur olar. Yəqin ki, bütün azarkeşlər "Qarabağ"dan bunu gözləyir".
Mütəxəssis rəqibin də xal qazanmaq üçün ciddi mübarizə aparacağını vurğulayıb:
"Liverpul"un öz hədəfləri var. Onlar ilk "8-liy"ə düşərək pley-off oyunlarından azad olmağı planlaşdırırlar. "Qarabağ" isə, rəqibindən asılı olmayaraq, istər səfərdə, istərsə də evdə həmişə öz oyun üslubuna sadiq qalıb. Komandanın illərdir tətbiq etdiyi və meydanda göstərdiyi müəyyən bir oyun sistemi var. İnanıram ki, bu qarşılaşmada da komanda öz dəst-xəttini qoruyacaq".
Mütəxəssis "Qarabağ"ın yüksək tempə dözə bildiyini də vurğulayıb:
"Qarabağ" son turda "Kəpəz"ə uduzdu. Yəqin ki, bütün diqqət məhz "Liverpul"la oyuna yönəlib deyə, həmin matçda var qüvvələrini qoymadılar. İngiltərə klubu ilə oyunda rəqibin hansı tempdə çıxış edəcəyi və "Qarabağ"a oynamaq üçün nə qədər imkan verəcəyi vacibdir. Amma biz "Qarabağ"ın yüksək tempə dözə bildiyini UEFA Çempionlar Liqasında "Çelsi"yə, həmçinin "Benfika"ya qarşı oyunlarda görmüşük".
Qeyd edək ki, "Liverpul" - "Qarabağ" oyunu yanvarın 28-dən 29-na keçən gecə baş tutacaq. Matç Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.