KİV: Neymar Avropadan heç bir təklif almayıb və MLS-ə keçə bilər
- 25 oktyabr, 2025
- 08:52
"Santos"un braziliyalı hücumçusu Neymar, Karlo Ançelottinin 2026-cı il Dünya Çempionatının heyətində yer almaq şansını artırmaq üçün yüksək profilli transferə ümid edirdi.
"Report" xəbər verir ki, bu barədə "Diario Sport" məlumat yayıb.
Ancaq mənbənin sözlərinə görə, 33 yaşlı futbolçuya Avropa komandaları tərəfindən maraq yoxdur.
Bu vəziyyətdə futbolçu karyerasını davam etdirmək üçün iki variantı nəzərdən keçirir: "Santos"la müqaviləsini uzatmaq və ya "İnter Mayami"də Lionel Messi və Luis Suareslə birləşə biləcəyi MLS-ə keçmək.
Xatırladaq ki, Neymar sonuncu dəfə sentyabrın 14-də meydana çıxıb, o vaxtdan bəri zədələnib və müalicəsini davam etdirir.
O, qayıtdıqdan sonra klubda 21 oyun keçirib, altı qol vurub və üç məhsuldar ötürmə verib. Braziliyalının hazırda 33 yaşı var.