"Kəpəz"in 100 oyun keçirən futbolçusu: "Yubileyi qələbə ilə qeyd etmək istərdim"
- 05 noyabr, 2025
- 16:23
"Kəpəz"in futbolçusu Fərid Nəbiyev Misli Premyer Liqasındakı 100-cü oyununu qələbə ilə qeyd etmək istəyib.
Bunu "Report"a açıqlamasında futbolçu özü bildirib.
O, Premyer Liqanın X turunda "Neftçi"yə qarşı keçirdikləri, özü üçün əlamətdar olan oyun barədə danışıb:
"Əlbəttə, bu, sevindirici haldır. Premyer Liqada 100 oyun keçirmək hər futbolçu üçün qürurvericidir. Kaş ki, 100-cü oyunumu qələbə ilə qeyd edərdik, amma qismət olmadı. İnşallah, bundan sonra komandamız üçün daha yaxşı günlər olacaq".
26 yaşlı yarımmüdafiəçi həmçinin "Kəpəz"in durumundan söz açıb:
"Hazırda vəziyyətimiz çətindir, amma hələ heç nə bitməyib. Bu durumdan çıxmaq üçün hamımız birlikdə çalışmalı, əlimizdən gələni etməliyik. Komanda şəklində yaxşı mübarizə aparıb, baş məşqçimizin tapşırıqlarını dəqiq yerinə yetirsək, qələbələr də gələcək".
Qeyd edək ki, Fərid Nəbiyev Premyer Liqa tarixində 100 və daha çox oyun keçirən 447-ci futbolçudur. O, buna cari mövsümdə nail olan 7-ci oyunçu olub.
Nəbiyev 2016/2017 mövsümündə "Qəbələ" klubunda debüt edib. O, indiyədək 4 komandada forma geyinib: "Kəpəz"də 40 oyun (6 qol), "Turan Tovuz"da 31 oyun (6 qol), "Səbail"də 28 oyun (2 qol) və "Qəbələ"də 1 oyun. Yarımmüdafiəçi ümumilikdə 100 oyunda 14 qola imza atıb.