İngiltərə Premyer Liqası: “Liverpul” azlıqda “Bornmut”dan üstün olub
- 19 avqust, 2023
- 16:02
Yeniliklərdən dərhal xəbərdar olun!
İngiltərə Premyer Liqasının ikinci turunun matçında “Liverpul” doğma meydanda “Bornmut”u qəbul edib.
“Report” xəbər verir ki, qarşılaşma “Enfild” stadionunda baş tutub.
Oyunun əvvəli qonaqların hücumları ilə başlayıb. Artıq birinci dəqiqədə “Bornmut”un futbolçuları topu rəqib qapısına göndərsələr də, ofsayd səbəbindən qol qeydə alınmayıb. Bununla belə, cəmi 2 dəqiqə sonra “albalılar” hesabı açmağa nail olublar. Solankenin ötürməsindən sonra Semenyo dəqiq zərbə ilə qapıçı Alissonu məyus edib. Oyunun 28-ci dəqiqəsində “qırmızılar”ın vingeri Luis Dias “qayçı” zərbəsi ilə hesabı bərabərləşdirib. 8 dəqiqə sonra Mersisayd təmsilçisi hesabda irəli çıxıb: misirli hücumçu Məhəmməd Salah penaltini qola çevirə bilməsə də, qapıçıdan qayıdan topu tora göndərə bilib – 2:1. Matçın 58-ci dəqiqəsində ev sahiblərinin yarımmüdafiəçisi Makalister qırmızı vərəqə alaraq komandasını azlıqda qoyub. Bununla belə, bu, “qırmızılar”ı dayandırmayıb: 62-ci dəqiqədə Dioqo Jota qolu hesabdakı fərqi iki topa çatdırıb. Bu qol oyundakı yekun hesabı müəyyənləşdirib – 3:1.
Beləliklə, 2 oyundan sonra “Liverpul”un hesabında 4 xal var. “Qırmızılar” daha öncə “Çelsi” ilə qarşılaşıblar – 1:1.
“Bornmut” isə ötən tur “Vest Hem”lə heç-heçəyə razılaşıb – 1:1.