İngiltərə Premyer Liqası: “Çelsi” çempionluğunu elan etmiş “Liverpul” üzərində inamlı qələbə qazanıb

Futbol
  • 04 may, 2025
  • 23:20
İngiltərə Premyer Liqası: “Çelsi” çempionluğunu elan etmiş “Liverpul” üzərində inamlı qələbə qazanıb

İngiltərə Premyer Liqasının XXXV turunda “Çelsi” “Liverpul”u qəbul edib.

“Report” xəbər verir ki, baş hakim Saymon Huperin idarə etdiyi matç “Stemford Bric”də baş tutub.

Turun mərkəzi qarşılaşması ötən həftə çempionluğunu elan edən “Liverpul” üçün turnir əhəmiyyəti daşımasa da, növbəti mövsüm Çempionlar Liqasında mübarizə aparmağı hədəfləyən “Çelsi” üçün 3 xal baxımından vacib idi. Təsadüfi deyil ki, oyuna fəal başlayan tərəf də “zadəganlar” olub. Artıq 3-cü dəqiqədə Entso Fernandes qapıçı Alisson Bekeri məyus edib. Matçda ikinci qol da ev sahiblərinin aktivinə yazılıb. “Qırmızılar”ın müdafiəçisi Carell Kvansa topu öz qapısına göndərib.

Oyunun sonuna doğru təşəbbüsü ələ alan Mersisayd təmsilçisi qollardan birinin əvəzini çıxıb. 85-ci dəqiqədə kapitan Vircil van Dayk Aleksis Makallisterin ötürməsindən sonra topu başla qapıya yönləndirib. Bununla belə, əsas vaxta əlavə edilən 6-cı dəqiqədə Kol Palmer 11 metrlik cərimə zərbəsini qola çevirərək oyunda son nöqtəni qoyub – 3:1.

Beləliklə, 35 oyundan sonra “Çelsi”nin 63 xalı var. Komanda Çempionlar Liqasına vəsiqə qazandıran 5-ci pillədədir. 82 xala malik “Liverpul” isə vaxtından əvvəl çempionluğunu elan edib.

İngiltərə Premyer Liqası: “Çelsi” çempionluğunu elan etmiş “Liverpul” üzərində inamlı qələbə qazanıb