İngiltərə Premyer Liqası: “Arsenal” “Kristal Pelas”ı darmadağın edib
- 21 dekabr, 2024
- 19:57
Yeniliklərdən dərhal xəbərdar olun!
İngiltərə Premyer Liqasının XVII turunda Londonun “Kristal Pelas” komandası şəhərin digər təmsilçisi “Arsenal”ı qəbul edib.
“Report” xəbər verir ki, baş hakim Saymon Huperin idarə etdiyi oyun “Selherst Park”da baş tutub.
Matçda vurulan 6 qolun yarısı ilk 15 dəqiqədə qeydə alınıb. 6-cı dəqiqədə “topçular”ın braziliyalı hücumçusu Qabriel Jezus hesabı açıb. Cəmi beş dəqiqə sonra seneqallı İsmaila Sarr "status-kvo"nu bərpa etsə də, “qartallar”ın sevinci çox çəkməyib: 14-cü dəqiqədə Jezus dubla imza atıb. 38-ci dəqiqədə isə almaniyalı yarımmüdafiəçi Kay Haverts hesab arasındakı fərqi iki topa çatdırıb. Matçın birinci yarısı Mikel Artetanın yetirmələrinin üstünlüyü ilə başa çatıb.
İkinci hissəyə daha fəal başlayan tərəf ev sahibləri olsa da, qapıçı David Rayanın inamlı oyunu onların planlarını pozub. Oliver Qlasnerin komandasının təzyiqinə baxmayaraq, 60-cı dəqiqədə braziliyalı Qabriel Martinelli hesabı darmadağın həddinə çatdırıb. Oyunda son nöqtəni isə “topçular”ın ingiltərəli dayaq yarımmüdafiəçisi Deklan Rays qoyub.
Beləliklə, “Kristal Pelas” “Arsenal”a 1:5 hesabı ilə uduzub.
17 turdan sonra “Arsenal” (33 xal) üçüncü, “Kristal Pelas” (16) isə 15-ci pillədə yer alıb. “Topçular”ın ən yaxın təqibçisi “Nottinqem Forest”dir (31). “Qartallar” isə liqada qalmaq uğrunda mübarizə aparır: cənubi londonluları düşmə zonasından 4 xal ayırır.
Premyer Liqanın vahid lideri isə niderlandlı mütəxəssis Arne Slotun başçılıq etdiyi “Liverpul”dur. Hesabında 36 xal olan komandanın ehtiyatında iki oyunu da var.