İlham Yadullayev: "Sabah" böyük zəhmət və yüksək əhval-ruhiyyə sayəsində uğur qazandı"
- 26 avqust, 2026
- 16:37
Yeniliklərdən dərhal xəbərdar olun!
"Sabah" UEFA Çempionlar Liqasının əsas mərhələsinə böyük zəhmət və yüksək əhval-ruhiyyənin nəticəsində vəsiqə qazanıb.
Bunu "Report"a açıqlamasında Azərbaycan millisinin sabiq futbolçusu İlham Yadullayev deyib.
O, paytaxt təmsilçisinin son oyunlarda göstərdiyi performansı yüksək qiymətləndirib:
"Ötən mövsümdən etibarən "Sabah"ın uğurları göz qabağındadır. Komanda həm ölkə çempionluğunu, həm də kubokunu qazanaraq "qızıl dubl" etdi. Taktiki, fiziki və motivasiya baxımından komandada hər şey yüksək səviyyədədir. Yeni transferlər də heyətə tez uyğunlaşaraq komandanı daha da gücləndirib".
Mütəxəssis komandanın cavab qarşılaşmasında göstərdiyi mübariz oyunu vurğulayıb:
"Sabah" ilk matçda 1:2 hesabı ilə uduzsa da, məğlubiyyətə layiq deyildi. Komanda cavab görüşündə möhtəşəm futbol nümayiş etdirdi. Əsas vaxta əlavə olunmuş dəqiqələrdə vurulan qolla oyunu əlavə vaxta daşıdılar və 5:2 hesablı qələbə qazandılar. Bu, böyük zəhmətin və yüksək əhval-ruhiyyənin nəticəsidir".
İ.Yadullayev komandanın turnir perspektivini də şərh edib:
"UEFA Çempionlar Liqasında artıq daha güclü rəqiblər olacaq. Vaxtilə "Qarabağ" bu turnirin qrup mərhələsinə vəsiqə qazanmaqla böyük bir yol açdı. Sonradan ikinci dəfə eyni uğura imza atdı. İndi "Sabah" da həmin səviyyədə çıxış edir. Rəqiblər çətin olsa da, komandanın əsas mərhələdə də xallar toplayacağına və yaxşı nəticə ilə futbolsevərləri sevindirəcəyinə inanıram".
Qeyd edək ki, "Sabah" UEFA Çempionlar Liqasının pley-offunda İsrailin "Hapoel" (Beer-Şeva) komandasını iki oyunun nəticəsinə (1:2, 5:2) əsasən mübarizədən kənarlaşdıraraq, turnirin əsas mərhələsinə vəsiqə qazanıb.