Holann “Arsenal”la oyunu buraxa bilər
- 20 mart, 2024
- 04:53
“Mançester Siti”nin norveçli hücumçusu Erlinq Holann İngiltərə Premyer Liqasının XXX turunun mərkəzi qarşılaşmasını buraxa bilər.
“Report” xəbər verir ki, bu barədə AS nəşri bildirib.
Məlumata görə, futbolçu milli komandanın məşqində zədələnib. 23 yaşlı hücumçu meydanı axsayaraq tərk edib və məşqə qayıtmayıb.
Forvard Norveçin Çexiya və Slovakiya milliləri ilə oyunlarını buraxmalı olacaq. Eyni zamanda, bombardirin XXX turdakı “Arsenal”la qarşılaşmada iştirakı da böyük sual altındadır. “Şəhərlilər” “topçular”ı martın 31-də qəbul edəcək.
Xatırladaq ki, cari mövsümdə Holann “Mançester Siti”də 34 oyun keçirib və 29 qola imza atıb. Onun hesabında həmçinin 6 məhsuldar ötürmə var. Futbolçunun klubla müqaviləsinin müddəti 2027-ci ilin iyununa qədər nəzərdə tutulub.
Qeyd edək ki, hazırda İngiltərə Premyer Liqasında turnir cədvəlinə “Arsenal” başçılıq edir. London təmsilçisinin 28 oyundan sonra 64 xalı var. Liderin ən yaxın təqibçiləri eyni xala malik (lakin qol fərqində geri qalan) “Liverpul” və bir xal az toplayan “Mançester Siti”dir.