"Fiorentina" sabiq baş məşqçisi Fabio Qrossonu məhkəməyə verməyi planlaşdırır
- 09 sentyabr, 2026
- 12:19
Yeniliklərdən dərhal xəbərdar olun!
İtaliyanın "Fiorentina" klubu sabiq baş məşqçisi Fabio Qrossonu məhkəməyə verməyi planlaşdırır.
"Report" "La Gazzetta dello Sport"a istinadən xəbər verir ki, klub bu addımla mütəxəssisə müqavilənin sonunadək ödənilməli olan məbləğə qənaət etməyi hədəfləyir.
Klubun hüquqşünasları mütəxəssisə qarşı intizam tədbirlərinin tətbiqi imkanlarını araşdırırlar. Məqsəd onun üzrlü səbəbdən işdən azad edildiyini sübuta yetirməkdir. Bu, rəhbərliyə müqavilə müddətinin sonuna qədər baş məşqçiyə çatacaq maaşı ödəməməyə imkan verəcək.
Rəhbərlik mütəxəssisin transfer strategiyası ilə bağlı prinsiplər baxımından fikir ayrılığı ucbatından fəaliyyətini davam etdirə bilməyəcəyini idman direktoru Fabio Paratiçiyə bildirdiyini sübut etmək niyyətindədir. Onun işini davam etdirməsinin imkansızlığını vurğulamasına və sentyabrın 7-də işə çıxmayacağı ilə bağlı iddialara baxmayaraq, istefa ərizəsi yazmadığı bildirilib.
"Fiorentina" sentyabrın 6-da F.Qrossonu baş məşqçi vəzifəsindən azad etdiyini açıqlayıb.
Qeyd edək ki, 48 yaşlı mütəxəssis 2026-cı il iyunun 8-də baş məşqçi təyin olunub və komandada 3 ay işləyib. İtaliya təmsilçisi onun rəhbərliyi altında İtaliya Kubokunun 1/32 finalında "Benevento"ya qalib (4:1) gəlsə də, A Seriyasında ardıcıl 3 məğlubiyyət alıb - "Roma" (0:4), "Frozinone" (0:3) və "Torino" (1:2). İtalyalı mütəxəssis daha əvvəl "Sassuolo", "Lion", "Frozinone", "Syon", "Breşiya", "Verona", "Bari"yə, həmçinin "Yuventus"un gənclərdən ibarət komandasına rəhbərlik edib.