Azərbaycanlı FIFA referisi Yunanıstan Super Liqasının oyununda 2 penalti, 1 qırmızı vərəqə verib

Futbol
  • 10 mart, 2019
  • 18:39
Azərbaycanlı FIFA referisi Yunanıstan Super Liqasının oyununda 2 penalti, 1 qırmızı vərəqə verib

Bakı. 10 mart. REPORT.AZ/ Azərbaycanlı FIFA referisi Əliyar Ağayev Yunanıstan Super Liqasında XXIV turun PAOK - "Atromitos" matçını idarə edib.

"Report"un məlumatına görə, Saloniki şəhərindəki "Tumba" stadionunda keçirilmiş görüş meydan sahiblərinin böyük hesablı qələbəsi ilə yekunlaşıb - 3:0.

32 yaşlı baş hakim qarşılaşma ərzində meydan sahiblərinin lehinə 2 penalti təyin edib, qonaqların isə 1 futbolçusunu ikinci sarı vərəqə ilə meydandan qovub. PAOK 16-cı dəqiqəyə təsadüf edən ilk penaltidən yararlana bilmədiyi halda, 45+3-cü dəqiqədə şansını qaçırmayıb.

Ağayev daha 4 futbolçuya sarı vərəqə göstərib. Meydan sahiblərindən ötən mövsüm icarə əsasında "Qarabağ"da çıxış etmiş Pedro Enrike xəbərdarlıq alıb. Qalan "sarı"lar isə qonaqlara göstərilib.

Bu qələbə sayəsində xallarını 64-ə çatdıran PAOK liderliyini möhkəmlədib. 43 xala malik "Atromitos" isə 4-cü pilləyə enib.

Yunanıstan Super Liqası, XXIV tur

19:15. PAOK - "Atromitos" - 3:0

Qollar: Serjio Oliveyra, 39. Dieqo Bisesvar, 45+3. Karol Sviderski, 81

Dəqiq yerinə yetirilməyən penalti: Vyeyrinya, 16 (PAOK)

Qırmızı vərəqə: Bruno, 90