DÇ-2026: Paraqvay seçmə mərhələnin ilk oyununda Peru ilə heç-heçə edib
- 08 sentyabr, 2023
- 01:16
Yeniliklərdən dərhal xəbərdar olun!
Syudad-del-Este şəhərinin “Antonio Aranda” stadionunda 2026-cı il futbol üzrə dünya çempionatının seçmə mərhələsinin ilk oyunu başa çatıb.
“Report” xəbər verir ki. Cənubi Amerikada keçirilən seçmə mərhələ çərçivəsində Paraqvay millisi evdə Peru ilə heç-heçə edib - 0:0.
İlk hissənin sonunda qonaq komandanın futbolçusu Luis Advinkula ikinci sarı vərəqəni alaraq meydandan kənarlaşdırılıb.
2026-cı ildə keçiriləcək dünya çempionatının Cənubi Amerika üzrə seçmə mərhələsində 10 komanda iştirak edir. Birinci və altıncı yerləri tutacaq yığmalar final mərhələsinə vəsiqə qazanacaq. 2023-cü ilin sentyabrında ilk iki tur keçiriləcək və turnir 2025-ci ilin sentyabrında başa çatacaq.
Yeddinci yerdə olan komanda qitələrarası pley-offda çıxış edəcək. Burada həmçinin KONKAKAF zonasından iki, Asiya, Afrika və Okeaniyadan isə bir komanda iştirak edəcək. Onlar dünya çempionatına son iki vəsiqənin sahibini müəyyənləşdirəcəklər.
Dünya çempionatı 2026-cı ildə ABŞ, Meksika və Kanadada keçiriləcək. Tarixdə ilk dəfə olaraq turnirdə 48 komanda çıxış edəcək.