Çempionlar Liqası: "Barselona" və "Arsenal" 1/4 finala yüksəliblər - YENİLƏNİB
- 12 mart, 2024
- 22:50
Yeniliklərdən dərhal xəbərdar olun!
Çempionlar Liqasının 1/8 final mərhələsində “Arsenal” və “Portu” klubları arasında cavab oyunu başa çatıb.
“Report” xəbər verir ki, görüş Londondakı “Emirates-Ashburton Grove” stadionunda baş tutub.
Oyunu fransalı Klement Turpinin rəhbərlik etdiyi hakimlər briqadası idarə edib. Matçın əsas vaxtında “Arsenal” “Portu”ya 1:0 hesabı ilə qalib gəlib. 41-ci dəqiqədə belçikalı vinger Leandro Trossard fərqlənib. Beləliklə, iki oyunun yekununa əsasən ümumi hesab bərabərləşib - 1:1.
Əlavə vaxtda qol vurulmayıb. "Arsenal"ın futbolçuları penalti seriyasında daha güclü olublar - 4:2.
Xatırladaq ki, 1/8 final mərhələsinin ilk oyununda “Portu” doğma meydanda “Arsenal” üzərində 1:0 hesablı qələbə qazanıb. Yeganə qolu braziliyalı yarımmüdafiəçi Venderson Qaleno vurub.
Qeyd edək ki, daha əvvəl “Barselona” İspaniyada “Napoli”ni məğlub edərək 1/4 finala yüksəlib.
02:00
İspaniyanın “Barselona” və İtaliyanın “Napoli” komandalar arasında keçirilən Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyunu başa çatıb.
“Report” xəbər verir ki, görüş Barselonadakı “Olympic Lewis Companies” stadionunda baş tutub.
Qarşılaşma “Barselona”nın 3:1 hesablı qələbəsi ilə başa çatıb. İki oyunun ümumi nəticəsinə əsasən"Barselona" "Napoli"yə 4:2 hesabı ilə qalib gəlib.
Hesabı 15-ci dəqiqədə “Barselona”nın futbolçusu Fermin Lopes açıb. 17-ci dəqiqədə Joau Kanselu komandasının ikinci qolunu vurub. 30-cu dəqiqədə "Napoli"nin müdafiəçisi Amir Rrahmani fərqini azaldıb. 84-cü dəqiqədə isə “Barselona”nın hücumçusu Robert Levandovski matçda son nöqtəni qoyub.
Bu qələbə sayəsində Kataloniya klubu Çempionlar Liqasının 1/4 final mərhələsinə vəsiqə qazanıb.
Komandalar arasında Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyunu 1:1 hesabı ilə başa çatıb. Matç Neapoldakı “Dieqo Armando Maradona" stadionunda baş tutub. 60-cı dəqiqədə Robert Levandovski hesabı açıb. 75-ci dəqiqədə isə “Napoli”nin hücumçusu Viktor Osimhen hesabı bərabərləşdirib.