"Aznur"un baş məşqçisi: "Çempionlar Liqasında bütün rəqiblərindən üstün idik"
- 24 sentyabr, 2025
- 13:13

Minifutbol üzrə Çempionlar Liqasının 1/8 finalında mübarizəni dayandıran "Aznur" klubu keçirdiyi oyunlarda bütün rəqiblərindən üstün olub.
Bunu "Report"a açıqlamasında komandanın baş məşqçisi Rəcəb Fərəczadə deyib.
Mütəxəssis 4 oyunun heç birində məğlub olmadıqlarını bildirib:
"Çempionlar Liqasında 4 oyun keçirdik və heç birində məğlub olmadıq. Rəqiblərdən aşkar üstün idik. Sadəcə, qol vəziyyətlərindən yararlana bilmədik. İlk oyunda rəqib demək olar cəmi bir şans əldə etdi. Zərbədən sonra top oyunçuya dəyib tora daxil oldu. Qrupu 7 xalla xalla bitirdik və pley-off mərhələsinə vəsiqə qazandıq. Burada keçən ilin finalçısı ilə qarşılaşdıq. 2:1 hesabı ilə üstün olsaq da, sona 20 saniyə qalmış cərimə zərbəsindən qol vurdular. Bundan dərhal sonra oyun bitdi və penaltilər seriyası başladı. Bilirsiniz ki, burada şanslar bərabər olur. Rəqib bizdən fərqli hər üç penaltini dəqiq yerinə yetirdi. Bu komanda daha sonra "Birbaşa Bakı"nı da eyni vəziyyətdə məğlub etdi".
Baş məşqçi komandanın çıxışından razı qalıb:
"Komandamdan həddindən artıq razıyam. Həmçinin Mavritaniyadan dəvət etdiyimiz Mohamed Baqayokonun da çıxışından razı qaldım. Komanda çox yaxşı çıxış etdi. İstədiyimiz qolları vura bilsəydik, nəticələrimiz başqa cür olardı. Əslində başqa vaxtlarda qol vəziyyətlərindən istifadə edirdik. Yəqin ki, futbolçular həyəcanlı olub. Heyətdə dəyişiklik etməyi düşünmürəm. Hər il olduğu kimi çempionluğa iddia edəcəyik. Ola bilər pley-offlarda Baqayoko yenidən sıralarımıza qatılsın. Onu icarəyə götürdüyümüz üçün çempionatda oynamayacaq".
R.Fərəczadə Çempionlar Liqasında çıxış edən Azərbaycanın digər komandaları "Zirə" və "Birbaşa Bakı"nın da nəticələrinə toxunub:
"Digər klublarımızdan "Birbaşa Bakı" yaxşı çıxış etdi. Sadəcə, sonuncu matçda zəif oynadılar. Sanki ritmdən çıxdılar, dinamika yox idi. "Zirə" də qol vəziyyətlərindən yararlana bilmədi. Rəqib daha təcrübəli komanda idi. Təhlükəli vəziyyətləri qola çevirdilər. Biz isə məşqlərimizi davam etdiririk. Səfərdən qayıtdıqdan sonra komandaya bir həftə istirahət vermişdik. Birinci gündən yenə hazırlığımızı bərpa edəcəyik".
Qeyd edək ki, Azərbaycan minifutbol üzrə Çempionlar Liqasında üç klubla təmsil olunub. "Aznur" pley-off mərhələsində mübarizəni dayandırıb. "Zirə" və "Birbaşa Bakı" isə 1/4 finalda dayanıb.