Azərbaycanın 4 klubu qış fasiləsində hazırlığı Türkiyədə keçəcək - SORĞU
- 17 dekabr, 2025
- 16:18
Misli Premyer Liqası təmsilçilərindən 4-ü qış fasiləsində hazırlığı Türkiyədə keçirəcək.
Buna "Report"un apardığı sorğuya əsasən aydınlıq gəlib.
2025/2026 mövsümünün ikinci yarısına hazırlaşacaq digər kollektivlərin əksəriyyətinin isə Azərbaycanda qalacaqları müəyyənləşib.
Anar Hacıyev ("Qarabağ"ın mətbuat katibi): "Mövsümün ikinci hissəsinə hazırlıq iki mərhələdən ibarət olacaq. Komanda dekabrın 21-dən sonra istirahətə buraxılacaq və futbolçular 2026-cı il yanvarın 3-də bir araya gələcəklər. Hazırlıq prosesinin Bakıda gerçəkləşəcək hissəsi yanvarın 10-dək davam edəcək. "Qarabağ" yanvarın 10-dan 17-dək Türkiyənin Antalya şəhərində yerləşən Belek bölgəsindəki "Gloria Sports Arena"da təlim-məşq toplanışını davam etdirəcək. Komanda toplanış çərçivəsində iki yoxlama oyununda qüvvəsini sınayacaq. Qarşılaşmaların yanvarın 12-də və 16-da keçirilməsi planlaşdırılıb. Rəqib komandaların adları hələ müəyyənləşməyib".
Elnur Həmidov ("Sabah"ın mətbuat katibi): "Komanda qış təlim-məşq toplanışını Bakıda, öz bazasında keçirəcək. Hazırlıq mövbəti il yanvarın 5-də başlayacaq. Toplanış müddətində keçiriləcək yoxlama oyunları ilə bağlı qarşıdakı günlərdə dəqiq məlumat veriləcək".
Elmar Abdullazadə ("Zirə"nin mətbuat katibi): "Komanda toplanış üçün öncə Bakıda bir araya gələcək. Daha sonra, 2026-cı il yanvarın 10-dan 17-dək Türkiyədə hazırlığı davam etdirəcək".
Eldəniz Yusubov ("Araz-Naxçıvan"ın icraçı direktoru): "Gələn il yanvarın 5-də və ya 6-da toplanışa start vermək istəyirik. Yanvarın 23-də Misli Premyer Liqasında oyunumuz olacaq. Xaricə gedib-gəlmək bir neçə gün vaxtımızı alar. Ona görə toplanış Azərbaycanda olacaq".
Süleyman Tağıyev ("Turan Tovuz"un mətbuat katibi): "Komanda təlim-məşq toplanışını gələn il yanvarın 4-18-i aralığında Türkiyədə keçirəcək. Antalya şəhərində 2 yoxlama oyunu keçirməyi planlaşdırırıq. Rəqiblər bilinəndə açıqlayacağıq".
Zaur Xudiyev ("Sumqayıt"ın mətbuat katibi): "Hazırlıqla bağlı daha detallı açıqlama verəcəyik. Onu deyə bilərəm ki, komanda mövsümün ikinci yarısına Türkiyədə hazırlaşacaq".
Asəf Zeynallı ("Neftçi"nin mətbuat katibi): "Bizim hazırlıq planımız hələ ki, təsdiqlənməyib. Bu, bir neçə gün sonra həllini tapacaq".
Yusif Hüseyn ("Şamaxı"nın mətbuat katibi): "Toplanış Azərbaycanda olacaq. Komanda 2026-cı il yanvarın əvvəlində yığışacaq".
Gəray Qiyasov ("Kəpəz"in mətbuat katibi): "Komanda mövsümün qalan hissəsinə Gəncədə hazırlaşacaq. Yoxlama görüşləri üçün digər bölgələrə gedə bilərik. Çox güman, 2026-cı il yanvarın 2-si və ya 3-də başlayacağıq".
Leyla Behbudlu ("İmişli"nin mətbuat katibi): "Bizim hazırlıq planımız tam olaraq məlum deyil. Amma təlim-məşq toplanışının Azərbaycanda olacağı dəqiqdir".
Elnur Məmmədli ("Qəbələ"nin mətbuat katibi): "Komanda fasilədən sonra növbəti il yanvarın 3-də bir araya gələcək və hazırlığı Qəbələdə keçirəcək. Burada bir neçə yoxlama görüşünün də keçirilməsi nəzərdə tutulub. Həmin müddətdə güclü qar yağarsa, komanda hazırlığı Bakıda davam etdirəcək".
Bəhruz Musayev ("Karvan-Yevlax"ın mətbuat katibi): "Toplanış üçün ölkə xaricinə çıxmağı planlaşdırmamışıq. Futbolçuların fasilədən sonra nə vaxt bir araya gələcəkləri tarix də müəyyənləşməyib. Tək bilinən odur ki, komanda mövsümün ikinci yarısına Yevlaxda hazırlaşacaq".
Qeyd edək ki, "Neftçi" tərəfi açıqlamasa da, paytaxt təmsilçisinin Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabiyə yollanacağı məlumdur. Kollektiv burada təxminən 2 həftə təlim-məşq toplanışında olacaq. Komanda həmin müddətdə yoxlama oyunlarında da qüvvəsini sınayacaq.
Xatırladaq ki, Misli Premyer Liqasında 2025-cü ilin son oyunları XVI tur çərçivəsində dekabrın 19-22-də keçiriləcək. Mövsümün ikinci yarısına isə 2026-cı il yanvarın 23-də start veriləcək.