Azərbaycan millisinin sabiq baş məşqçisi: "Yığma ilk dəfə deyil ki, böyük hesabla uduzur"
- 11 oktyabr, 2025
- 17:17

Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət millisi ilk dəfə böyük hesabla uduzmur.
Bunu "Report"a açıqlamasında Azərbaycanın U-21 millisinin sabiq baş məşqçisi Samir Əliyev deyib.
Mütəxəssis yığmanın Avropa çempionatının seçmə mərhələsində Çexiyaya böyükhesablı məğlubiyyətini şərh edib:
"Özüm də U-21 millisində çalışarkən böyükhesablı məğlubiyyətlər olurdu. Yeni baş məşqçi Rəşad Eyyubov gəncdir, təcrübəsi də çox deyil. U-21 onun karyerasında yeni təcrübə olacaq. Çexiya yığmamız üçün güclü rəqiblərdən biridir. Nəzərə alsaq ki, Rəşad Eyyubovun baş məşqçi kimi ilk matçı idi, futbolçuları çox da yaxşı tanımır. Deməyim odur ki, təlim-məşq toplanışı keçilməyib, yoxlama oyunlarında qüvvələrini sınamayıblar. İndiki vəziyyətdə tənqid etməyimiz doğru olmazdı. Düzgün seçim onlara dəstək göstərməyimizdir. Problemlər hər zaman olub. Yığma ilk dəfə deyil ki, böyük hesabla uduzur".
Qeyd edək ki, Çexiya - Azərbaycan görüşü rəqibin 5:0 hesablı qələbəsi ilə bitib. U-21 növbəti matçını oktyabrın 14-də evdə Şotlandiya yığmasına qarşı keçirəcək.