Azərbaycan millisinin kapitanı: "Şotlandiya ilə matçda xal qazanacağımıza ümid edirəm"
- 14 oktyabr, 2025
- 13:06

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin kapitanı Ayxan Süleymanlı komandanın bu gün Şotlandiya ilə matçda xal qazanacağına ümid edir.
Hazırda zədəli olan müdafiəçi bu barədə "Report"a açıqlama verib.
O, rəqib haqqında fikirlərini bölüşüb:
"Şotlandiya yığması fiziki cəhətdən atletik olsa da, onların da zəif tərəfləri var. Bundan istifadə edə bilsək, yaxşı nəticəyə nail ola bilərik. Mən bu görüşdə xal qazana biləcəyimizə ümid edirəm".
U-21-in kapitanı, zədəsinə baxmayaraq, daim komanda yoldaşlarının yanında olduğunu söyləyib:
"Bu dəfə də komandamı dəstəkləyəcəyəm. Çexiya ilə səfər matçında orada olmasam da, uşaqlarla daim əlaqədəydim. Uzaqdan dəstək göstərirdim".
A.Süleymanlı bərpa prosesinin yaxşı keçdiyini də sözlərinə əlavə edib:
"Yavaş-yavaş fəal hərəkətlərə başlayıram. Özümü yaxşı hiss edirəm".
Qeyd edək ki, Avropa çempionatının seçmə mərhələsinin Azərbaycan - Şotlandiya matçı bu gün "Liv Bona Dea Arena"da, saat 19:00-da start götürəcək.