Azərbaycan millisinin baş məşqçisi: "Moldova toplanışı çox faydalı oldu"

Futbol
  • 19 sentyabr, 2025
  • 12:01
Azərbaycan millisinin baş məşqçisi: Moldova toplanışı çox faydalı oldu
Həbib Ağayev

19 yaşadək qadınlardan ibarət Azərbaycan millisinin Moldova toplanışı uğurlu keçib.

Bunu "Report"a açıqlamasında yığmanın baş məşqçisi Həbib Ağayev deyib.

O, Moldovada yerli komanda ilə keçirdikləri yoxlama oyunlarından danışıb:

"Hər iki oyun bizim üçün çox faydalı oldu. Əsas məqsəd nəticədən çox yeni futbolçuların bizim taktikalara necə uyğunlaşdığını görmək idi. Komandamıza yeni qoşulan qızların oyuna münasibətini izlədik. Bəzilərinin taktikaya tez uyğunlaşdığını, bəzilərinin isə hələ zamana ehtiyacı olduğunu gördük. Bu baxımdan toplanış bizim üçün çox önəmli idi. Çünki həm yeni oyunçularımızı yaxından tanıdıq, həm də kimin heyətə daha tez daxil ola biləcəyini müəyyənləşdirdik".

Mütəxəssis təlim-məşq toplanışını dəyərləndirib:

"Toplanış ümumilikdə uğurlu oldu. Planlaşdırılan məşqlər yüksək səviyyədə keçirildi. Komanda fiziki və taktiki baxımdan yaxşı hazırlaşdı, kollektivdə birlik daha da gücləndi. Bizim üçün ən önəmlisi yeni futbolçuların komandaya uyğunlaşması idi. Onların məşqlərdə yeni taktikalara necə reaksiya verdiyini görmək baxımından bu toplanış çox faydalı oldu".

H.Ağayev yığmada müəyyən çatışmazlıqların olduğunu etiraf edib:

"Əlbəttə, üzərində işləməli olduğumuz məqamlar var. Hücumda son ötürmələr və qərarvermə, həmçinin müdafiədə oyunun axırınadək diqqəti saxlamaq əsas istiqamətlərimizdən olacaq. Bu toplanış həmin çatışmazlıqları görməyə imkan yaratdı".

Qeyd edək ki, U-19 millimiz hər iki yoxlama oyununda Moldova yığması üzərində 2:0 hesablı qələbə qazanıb.

Son xəbərlər

Bütün Xəbər Lenti