Azərbaycan millisinin baş məşqçisi: "Avropa çempionatında bizi çətin matçlar gözləyir"

Futbol
  • 21 oktyabr, 2025
  • 14:48
Azərbaycan millisinin baş məşqçisi: Avropa çempionatında bizi çətin matçlar gözləyir

Avropa çempionatının seçmə mərhələsinə hazırlaşan Azərbaycanın 17 yaşadək qızlardan ibarət yığmasını çətin oyunlar gözləyir.

Bunu "Report"a komandanın baş məşqçisi Nərgiz Qurbanova deyib.

Mütəxəssis heyətə yalnız azərbaycanlı futbolçuların dəvət olunduğunu söyləyib:

"Artıq 3 gündür ki, toplanışa başlamışıq. Məşqlər davam edir. Heyətlə bağlı bəzi problemlər var. Ötən Avropa çempionatında bəzi oyunçularımız zədələnmişdi. İndiyə qədər də müalicələri davam edir. Bu səbəbdən müəyyən çatışmazlıqlar var. Buna baxmayaraq, əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq. Artıq heyətə yalnız azərbaycanlı oyunçuları dəvət edirik. Müsbət məqam odur ki, özlərini yaxşı tərəfdən göstərsələr, əsas milliyə rahat şəkildə çağırılacaqlar".

O, ən çətin matçın Uelsə qarşı olacağını bildirib:

"Bizi çətin oyunların gözlədiyini bilirik. Moldova, Kosovo və Uelslə matçlara ciddi yanaşmalıyıq. Amma düşünürəm ki, Uelslə ilk oyun çox vacibdir. 2010 təvəllüdlü futbolçularımız təcrübəsizdir. Uels 2009 təvəllüdlü futbolçulara daha çox üstünlük verəcək. Bunu nəzərə alırıq. Düşünürəm ki, ən çətin matçımız Uelsə qarşı olacaq".

N.Qurbanova digər rəqibləri də dəyərləndirib:

"Kosovo və Moldova demək olar eyni səviyyəli rəqiblərdir. Ötən il Moldovaya qalib gəlmişik. Bu dəfə 2010 təvəllüdlü futbolçulara üstünlük verəcəklər. Oyunlarını tam təhlil edə bilməmişik. Lakin əvvəlki heyətlərinə baxanda düşünürük ki, qələbə şansımız daha çoxdur. Kosovonun son oyununa baxmışıq. Almaniyaya 0:9 hesabı ilə uduzublar. Düşünürük ki, xal qazanmaq şansımız var. Həm Kosovo, həm də Moldova ilə matçlardan maksimum xal toplamağa çalışacağıq. Moldova ev sahibidir, amma hər şeyin yaxşı olacağına ümid edirəm".

Qeyd edək ki, B Liqasının I qrupunda yer alan U-17 millimiz Uels, Kosovo və Moldova yığmaları ilə mübarizə aparacaq. Turnirin bütün matçları oktyabrın 24-30-da Moldovada təşkil olunacaq.

Son xəbərlər

Bütün Xəbər Lenti