Azər Həşimov: "Baş məşqçi meydana çıxıb futbolçunun yerinə müdafiə olunmalı deyil"
- 01 noyabr, 2025
- 17:43
Yeniliklərdən dərhal xəbərdar olun!
Baş məşqçi futbolçunun yerinə müdafiədə çıxış etmir.
"Report" xəbər verir ki, bunu "Karvan-Yevlax" klubunun baş məşqçisi Azər Həşimov deyib.
Mütəxəssis Misli Premyer Liqasının X turunda "Zirə"yə məğlub olduqları matçla (2:3) bağlı fikirlərini bölüşüb:
"Birinci hissədə qalib durumda idik. Rəqib hesabı bərabərləşdirəndən sonra əks-hücumda qol vurub önə keçdik. 5-ci oyundur ki, standart vəziyyətdən qol buraxırıq. Deyirlər ki, Azər Həşimov standart vəziyyətləri bəhanə edir. Bəhanə deyil. Oyun haqda danışırıqsa, bunu vurğulamalıyıq. Futbolçulara daha diqqətli olmağı tapşırmışdıq. Məşqçi meydana çıxıb futbolçunun yerinə müdafiə olunmalı deyil. Nə qədər çalışırıq bunun öhdəsindən gələ bilmirik. Gələcəkdə daha da məsuliyyətli olacağıq. Bizim mehriban kollektivimiz var. Yeni yaranmış komandayıq. Problemlərimiz olurdu, yaxşı məşq edə bilmirdik. Artıq öz meydanımızda məşq edirik. Bunun nəticəsidir ki, son iki matçda yaxşı oyun göstəririk. Sadəcə, nəticəyə görə məyusuq. Oyundan razı qaldım, amma nəticədən yox. Gələcəkdə bundan da dinamik komanda görəcəksiniz".