"Araz-Naxçıvan"ın legioneri: "Çempionlar Liqasında yaxşı çıxış etmək üçün potensialımız var"

Futbol
  • 05 noyabr, 2025
  • 11:11
Araz-Naxçıvanın legioneri: Çempionlar Liqasında yaxşı çıxış etmək üçün potensialımız var

"Araz-Naxçıvan" futzal üzrə UEFA Çempionlar Liqasında yaxşı çıxış etmək potensialına malikdir.

Bunu "Report"a açıqlamasında Naxçıvan təmsilçisinin braziliyalı futzalçısı Jean Peruzzo deyib.

O, turnirin əsas mərhələsində keçirdikləri oyunları dəyərləndirib:

"Çox çətin matçlar idi. Güclü rəqiblərə qarşı gərgin oyunlar keçirdik. Düşünürəm ki, taktiki intizamla çıxış etməyi və o anda tələb olunan oyunu həyata keçirməyi bacardıq. Növbəti mərhələyə yaxşı hazırlaşmaq üçün 20 günümüz var. Çətinlikləri bilirik, oyunlara diqqət yetirmək üçün püşkün nəticələrini gözləyəcəyik və rəqibimizə qarşı hazırlaşacağıq. Yaxşı çıxış etmək üçün potensialımız var. 1/8 finalda qarşılaşacağımız potensial rəqiblərdən heç bir üstünlüyümüz yoxdur. Ancaq "Araz-Naxçıvan" da böyük komandadır".

O, 1/8 finalda azarkeş dəstəyinin önəmli rol oynayacağını söyləyib:

"İnanıram ki, Azərbaycan xalqı bizim tərəfimizdə olacaq. İlk oyunu Bakıda keçirəcəyik və bunun gözəl tamaşa olacağına əminəm. Şanslar hər iki tərəf üçün bərabər olacaq. Yaxşı oyunlar keçirmək üçün çox çalışacağıq. Bizi gözləyən çətinliyi bilirik".

Futzalçı Azərbaycan Yüksək Liqasında ikinci pillədə yer alan komandanın durumu haqqında da danışıb:

"Azərbaycan Yüksək Liqası yeni başlayb. Qarşımızda hələ uzun bir yol var. Diqqətimiz addım-addım irəliləməkdir. Həmişə növbəti rəqib haqqında düşünürük".

Qeyd edək ki, "Araz-Naxçıvan" UEFA Çempionlar Liqasının əsas mərhələsində "Yunayted Qalati" (Rumıniya), "Differdanje 03" (Lüksemburq) və Tigers Roermond (Niderland) klubları ilə birlikdə yer aldığı VII qrupu lider başa vuraraq 1/8 finala vəsiqə qazanıb. Bu qrupun oyunları Rumıniyada təşkil olunub. Komanda 1/8 finalda ilk matçını Bakıda keçirəcək.

Son xəbərlər

Bütün Xəbər Lenti