"Qarabağ" akademiyasının koordinatoru: "Komandanın məğlubiyyətində sonuncu günahkarlar futbolçulardır"

Futbol
  • 11 dekabr, 2025
  • 14:41
Qarabağ akademiyasının koordinatoru: Komandanın məğlubiyyətində sonuncu günahkarlar futbolçulardır

"Qarabağ"ın U-19 komandasının UEFA Gənclər Liqasındakı zəif çıxışına görə ən sonuncu günahkarlar futbolçular və baş məşqçilərdir.

Bu barədə "Report"a Ağdam təmsilçisinin akademiyasının koordinatoru Aftandil Hacıyev açıqlama verib.

O, ölkədə uşaq futbolunun arzuolunan səviyyədə olmadığını söyləyib:

"Ümumi götürsək, belə məğlubiyyətlərin bəlkə də faydası olacaq. O baxımdan ki, bir çoxlarını düşündürər ki, ölkədə uşaq futbolu arzuolunan səviyyədə deyil. Bu, tək fərdlərin üzərinə düşən yük deyil. Qlobal problemdir. Günahkar axtarmalı olsaq, doğru olmaz. Bəlkə də hər kəs futbolçuları, məşqçiləri günahlandırır. Məncə, ən sonuncu günahkar onlardır. Bu, hər birimizi düşündürməlidir və mən daxil hər kəs məsuliyyət daşımalıdır. Futbolun inkişafına töhfə verən hər kəsə aiddir".

A.Hacıyev heyətdəki oyunçuların milli komandaların özəyini təşkil etdiyini vurğulayıb:

"Bunu düşünəndə vəziyyətin daha acınacaqlı olduğunu söyləmək olar. Çünki ölkədə istənilən səviyyədə gənc futbolçular yetişdirmək üçün lazım olan resusrlar kifayət etmir. Buna görə hər kəs düşünməlidir və vaxt itirmədən buna əncam çəkilməlidir".

Koordinator U-19-un sonuncu matçda "Ayaks"a 8 cavabsız qolla məğlub olmasına da toxunub:

"Son oyunla bağlı danışılası bir şey yoxdur. Turnirdəki rəqiblərimiz hamıya bəlli idi. Avropada və dünyada güclü akademiyalardan sayılırlar. "Ayaks" tarixi olan futbol məktəbidir. Bizim üçün belə komandalarla bərabər səviyyədə rəqabət aparmaq bu gün üçün çətindir. Futbolçularımız, məşqçilərimiz üçün belədir. Amma ən zəif matçımız "Ayaks"a qarşı idi. Etdiyimiz hər səhv qapımızda qolla nəticələndi. Futbolçuların bundan əvvəlki görüşlərdə məğlub olsalar da, ən azından mübarizələrindən narazı deyildik. Bu dəfə bu komponentdə də rəqibdən geri qaldılar".

Qeyd edək ki, "Qarabağ"ın U-19 komandası UEFA Gənclər Liqasında keçirdiyi 6 oyunun hamısında uduzub.

Son xəbərlər

Bütün Xəbər Lenti