Xetaq Qazyumov: "Azərbaycan güləşçiləri dünya çempionatında daha çox medal qazana bilərdilər"
- 17 sentyabr, 2025
- 21:54

Azərbaycan güləşçiləri dünya çempionatında daha çox medal qazana bilərdilər.
Bunu "Report"a açıqlamasında Azərbaycanın sərbəst güləş yığmasının baş məşqçisi Xetaq Qazyumov deyib.
O, millinin Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən dünya çempionatındakı çıxışından danışıb:
"Güləşçilər pis çıxış etmədilər. Fikrimcə, daha çox medal qazana bilərdik. Hələlik qızıl medala çata bilmədik. Ümid edirəm ki, olimpiada yaxınlaşdıqca, qızıl medal uğrunda mübarizə aparacaq idmançılarımız yarışlara daha yaxşı hazırlaşacaqlar".
X.Qazyumov Nurəddin Novruzovun mükafat qazanmasının sevindirici hal olduğunu vurğulayıb:
"Çox yaxşı oldu ki, Nurəddin Novruzov özünü yaxşı tərəfdəm göstərdi və nəticə qazandı. Bu, gənclərimiz üçün müsbət mənada qibtə doğuracaq və onlar da dünya çempionatının mükafatçıları, çempionları olmaq istəyəcəklər".
Qeyd edək ki, komanda dünya birinciliyində 1 gümüş və 3 bürünc medal qazanıb. Giorgi Meşvildişvili (125 kq) gümüş, Nürəddin Novruzov (61 kq), Arseniy Djioyev (86 kq) və Osman Nurmaqomedov (92 kq) isə bürünc mükafata sahib çıxıblar.