UFC-də ikinci qələbəsini qazanan Tahir Abdullayev: "Bu turnirdə çıxış etmək arzum idi"
- 25 noyabr, 2026
- 14:36
Yeniliklərdən dərhal xəbərdar olun!
UFC-də çıxış etmək Azərbaycan təmsilçisi Tahir Abdullayevin arzusu idi.
"Report"un məlumatına görə, bu barədə Mütləq Döyüş Çempionatında (UFC) növbəti qələbəsini qazanan MMA idmançısı onlayn mətbuat konfransında deyib.
29 yaşlı döyüşçü son qarşılaşması haqqında fikirlərini bölüşüb:
"Döyüşüm əla keçdi. Bütün planları yerinə yetirdik. Əsas qalib gəlmək idi. Görüşün ikinci raundda bitməsini istəyirik. UFC-də çıxış etmək hər zaman arzum idi. Son döyüşdəki çıxışımdan da razı qaldım".
T.Abdullayev qarşılaşmaya yaxşı hazırlaşdığını vurğulayıb:
"Bəzi təşkilatlardan dəvətlər olsa da, qatılmamışam. Bu dəfə çəki atmaq bir az çətin oldu. Bir az səhvlər etmişdik. Əziyyət çəkdim, gücün çoxu çəki atanda getdi".
O, qarşıdakı hədəflərindən də söz açıb:
"Növbəti rəqibləri biz seçmirik. Yalnız vaxtı müəyyənləşdirə bilərik. Qarşılaşmaya bir ay qalmış bu barədə məlumat verilir. Mart ayınadək bir döyüş də keçirmək niyyətindəyəm. "Top-15"də olan idmançılarla qarşılaşmaq istəyirəm".
Xatırladaq ki, Tahir Abdullayev Qətərin paytaxtı Dohada keçirilən UFC turnirində avstraliyalı Ceyk Metyuzu üç raundun yekununda hakimlərin yekdil qərarı ilə məğlub edib.
O, UFC-də debütünü cari ilin iyununda Bakıda keçirilən turnirdə gerçəkləşdirib və braziliyalı Cefferson Nasimentoya qalib gəlib.