Teymur Rəcəbov: "Adətən, belə güclü turnirdə risk az olur"

Fərdi
  • 03 aprel, 2019
  • 16:30
Teymur Rəcəbov: Adətən, belə güclü turnirdə risk az olur

Vüqar Həşimovun xatirəsinə həsr olunan "ShamkirChess2019" superturnirinin IV turunda Teymur Rəcəbov Hollandiya təmsilçisi Aniş Giriylə heç-heçə oynayıb. 

"Report" xəbər verir ki, 32 yaşlı Qrossmeyster mətbuat konfransında nəticənin ədalətli olduğunu bildirib: "Oyunda fərqli gedişlər görmədik. Bərabər mübarizə getdi. Heç kim üstünlük qazanmadı. Fiqurları dəyişsək belə, vəziyyət düzəlmədi. Belə güclü turnirdə, adətən, risk az olur. Bu mənada, heç-heçə qaçılmaz oldu".

Rəcəbovun rəqibi Aniş Giri də həmkarının dediklərini dəstəkləyib. Onun fikrincə ağlarla oynamasına baxmayaraq, hücum qurmaqda çətinlik çəkdi: "Əslində belə oyunlarda qara fiqurların qarşısını kəsməyi bacarıram. Hücum qurmaqda isə çətinlik çəkdim. Teymur səhv etmədi. Artıq gedişlərimiz təkrar olunacaqdı. Ona görə heç-heçə normal nəticədir. Hər bir şahmatçı qələbə qazanmaq istəyir, sadəcə, həmişə istədiyini əldə etmək olmur".

Qeyd edək ki, Teymur Rəcəbov hazırda 2 xalla 4-6-cı, Aniş Giri isə 1.5 xalla 7-8-ci yerləri bölüşdürür.