ASF: Xaçmazda aqrar sığorta üzrə ödənişlər 1 milyon manatı ötüb

ASK
  • 20 oktyabr, 2026
  • 18:49
ASF: Xaçmazda aqrar sığorta üzrə ödənişlər 1 milyon manatı ötüb

Xaçmaz rayonunda indiyədək fermerlərə ümumilikdə 1 milyon 83 min manat aqrar sığorta ödənişi həyata keçirilib.

"Report" bu barədə Aqrar Sığorta Fonduna (ASF) istinadən xəbər verir. Ödənişlərin əsas hissəsi (1 milyon 57 min manat) bitkiçilik təsərrüfatlarının payına düşüb, 26 min manatı isə kənd təsərrüfatı heyvanlarının sığortası üzrə olub.

Xaçmazda aqrar sığortanın əhəmiyyəti xüsusilə fındıqçılıq sahəsində diqqət çəkir. Belə ki, ölkədəki fındıq bağlarının təxminən 20 min hektarı Quba-Xaçmaz iqtisadi regionunun payına düşür. Bunun 11 148 hektarı Xaçmaz rayonunda yerləşir. Fındıqçılıq bölgədə kənd təsərrüfatının inkişafında və fermer ailələrinin gəlirlərinin formalaşmasında mühüm rol oynayır.

ASF bildirir ki, dolu, fırtına, qasırğa, sel və subasma kimi təbiət hadisələri fındıq bağlarına zərər vuraraq məhsul itkisinə və fermerlərin gəlirlərinin azalmasına səbəb ola bilər. Aqrar sığorta mexanizmi bu risklərdən qorunmaq üçün fermerlərə maliyyə təminatı yaradır.

Xatırladaq ki, Aqrar Sığorta Fondu vasitəsilə 41 bitkinin, o cümlədən 20-yə yaxın meyvə bitkisinin sığortalanması mümkündür. Mexanizmin əsas üstünlüklərindən biri sığorta haqqının 50 %-nin dövlət tərəfindən ödənilməsidir.

Hesablamalara əsasən, Xaçmaz rayonunda 1 hektar fındıq bağının əsas risklərdən sığortalanması fermerə təxminən 26 manata başa gələ bilər.

Hesablama zamanı hektardan 1,2 ton məhsul götürülməsi və fındığın sahədə satış qiymətinin kiloqram üçün 3 manat olması nəzərə alınıb. Bu halda gözlənilən məhsulun sığorta dəyəri 3 600 manat təşkil edir. Region üzrə 1,45 %-lik sığorta tarifi əsasında ümumi sığorta haqqı təxminən 52 manat hesablanır. Bunun 26 manatını dövlət, qalan 26 manatını isə fermer ödəyir.

Sığorta haqqının yekun məbləği bağın xüsusiyyətlərindən və tətbiq olunan sığorta şərtlərindən asılı olaraq müəyyən edilir.

Qeyd edək ki, Prezident İlham Əliyevin 2026-cı il 25 may tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı"nda bağçılığın inkişafı və bitkiçilik məhsullarının sığortalanması ilə bağlı mühüm vəzifələr nəzərdə tutulub.

44 filmi