Nurlan Paşayev: "Əsas hədəfim Yay Olimpiya Oyunlarında iştirak etməkdir"

Fərdi
  • 29 iyun, 2026
  • 12:02
Nurlan Paşayev: Əsas hədəfim Yay Olimpiya Oyunlarında iştirak etməkdir

Litvada keçirilən "Amber Oars" turnirinin qalibi olan akademik avarçəkmə üzrə Azərbaycan millisinin üzvü Nurlan Paşayevin əsas hədəfi Yay Olimpiya Oyunlarında iştirak etməkdir.

İdmançı bunu "Report"a açıqlamasında deyib.

O, bu idman növündə daha böyük uğurlar qazanmaq potensialına malik olduğunu vurğulayıb:

"Azərbaycan bu idman növündə daha uğurlu nəticələr əldə edə bilər. Şəxsi perspektivimi çox yüksək qiymətləndirirəm. Bizə yaradılan şəraitə görə Gənclər və İdman Nazirliyinə, həmçinin federasiyamıza təşəkkür edirəm. Çalışırıq ki, hər yarışda ön sıralarda yer alaq. Yay Olimpiya Oyunlarında, Avropa və dünya çempionatlarında, Dünya Kuboklarında ölkəmizi daha yaxşı təmsil etmək, bayrağımızı yüksəklərə qaldırmaq istəyirik".

Avarçəkən yüksək nəticələr üçün ağır məşq prosesinin və intizamın vacibliyini qeyd edib:

"Məşqlərimiz çətin keçir, lakin yüksək nəticə əldə etmək üçün proses belə də davam etməlidir. Yaxşı göstəricilər üçün buna dözməliyik. İdmançının müəyyən məhdudiyyətləri, o cümlədən yuxu və qidalanma rejimi olmalıdır. Qarşımıza qoyulan tələblərin hamısına əməl etməliyik ki, uğur qazana bilək. Yay Olimpiya Oyunlarında iştirak etmək hər bir idmançının arzusudur. Özümü bu mötəbər yarışda görürəm. İnşallah, orada da bayrağımızı yüksəklərə qaldıracağam".

N.Paşayev digər idman növlərinə də maraq göstərir:

"Mingəçevir şəhərində doğulmuşam. Məni avarçəkməyə atam gətirib, bu idman növünə böyük həvəsim və marağım olub. İlk məşqçim isə Fazil Məmmədov olub. Əvvəllər boksla da maraqlanmışam. Lakin hazırda mənim üçün ən maraqlı idman növü avarçəkmədir. Bunu hamıya tövsiyə edirəm. Çox maraqlı idman növüdür".

Qeyd edək ki, N.Paşayev Litvada təşkil olunan akademik avarçəkmə üzrə "Amber Oars" beynəlxalq turnirində qızıl medal qazanıb.