Dünya çempionatı: Hacı Əliyev yarımfinala yüksəlib, digər ikisi uduzub
- 17 sentyabr, 2022
- 11:22
Azərbaycanın sərbəst güləşçisi Maqomedxan Maqomedov Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatında 1/4 final görüşünə çıxıb.
"Report"un məlumatına görə, 92 kq çəki dərəcəsində mübarizə aparan idmançı ABŞ təmsilçisi Kayl Snayderlə üz-üzə gəlib.
Qarşılaşma Maqomedovun məğlubiyyəti ilə bitib.
Daha əvvəl 65 kq-dakı Hacı Əliyev yarımfinala yüksəlib. 3 qat dünya və 3 qat Avropa çempionu finala gedən yolda Rəhman Amuzadxəlili (İran) ilə görüşəcək.
Bu gün həmçinin 92 kq-dakı Osman Nurməhəmmədov bürünc medal uğrunda qarşılaşmada Radoslav Marçinkieviç (Polşa) ilə üz-üzə gələcək.
14:58
Azərbaycanın titullu sərbəst güləşçisi Hacı Əliyev Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatında yarımfinala yüksəlib.
"Report"un məlumatına görə, 65 kq çəki dərəcəsində çıxış edən 3 qat dünya və 3 qat Avropa çempionu 1/8 finalda Aqustin Destribatsa (Argentina), 1/4 finalda isə Abbos Rahmonova (Özbəkistan) qalib gəlib.
61 kq-dakı İslam Bazarqanov 1/8 finalda Reza Ahmadali Atreqanarçiyə (İran) uduzub. 97 kq-dakı Maqomedxan Maqomedov Erik Tilyeni (Almaniya) məğlub edərək 1/4 finala vəsiqə qazanıb.
Bu gün həmçinin 92 kq-dakı Osman Nurməhəmmədov bürünc medal uğrunda qarşılaşmada Yuşanq Bi (Çin) / Radoslav Marçinkieviç (Polşa) cütünün qalibi ilə üz-üzə gələcək.
Qeyd edək ki, daha əvvəl yunan-Roma güləşçilərindən Eldəniz Əzizli (55 kq) qızıl, Ülvi Qənizadə (72 kq) gümüş, Taleh Məmmədov (63 kq), Həsrət Cəfərov (67 kq) və Arif Niftullayev (97 kq) bürünc medal qazanıb. Yığma yekunda 118 xalla komanda hesabında 2-ci yeri tutub.