Emin Cəfərov: "ESC-nin Rəyasət Heyətinə üzv seçilməyim böyük məsuliyyətdir"

Fərdi
  • 28 oktyabr, 2025
  • 14:41
Emin Cəfərov: ESC-nin Rəyasət Heyətinə üzv seçilməyim böyük məsuliyyətdir

Emin Cəfərov Avropa Atıcılıq Konfederasiyasının (ESC) Rəyasət Heyətinə üzv seçilməsini Azərbaycan atıcılıq idmanının beynəlxalq aləmdə artan nüfuzu baxımından böyük məsuliyyət sayır.

"Report"a açıqlama verən Azərbaycan Atıcılıq Federasiyasının (ASF) baş katibi Emin Cəfərov son 8 il ərzində Avropa Atıcılıq Konfederasiyasının Texniki Komitəsinin üzvü kimi fəaliyyət göstərdiyini xatırladıb.

"Bu illər ərzində komitə çərçivəsində görülən işlər, qarşılıqlı əməkdaşlıq və təcrübə mübadiləsi mənə Avropa atıcılıq ailəsinin fəaliyyət mexanizmlərini yaxından öyrənmək imkanı yaratdı. Bu təcrübəyə əsaslanaraq builki Baş Assambleyada Avropa Atıcılıq Konfederasiyasının Rəyasət Heyətinə üzvlük üçün namizədliyimi irəli sürdük. Sevindirici haldır ki, çoxsaylı Avropa ölkələrinin federasiyaları tərəfindən göstərilən etimad və dəstək nəticəsində Rəyasət Heyətinə seçildim. Bu həm şəxsi fəaliyyətim, həm də Azərbaycan atıcılıq idmanının beynəlxalq aləmdə artan nüfuzu baxımından böyük məsuliyyət və şərəfdir", - deyə o bildirib.

Baş katib bunu Azərbaycan atıcılıq idmanı üçün mühüm addım hesab edib:

"Rəyasət Heyətinin üzvü kimi artıq Konfederasiyanın əsas qərarverici orqanında təmsil olunacaq, atıcılıq idmanının inkişafına yönəlmiş mühüm qərarların qəbulunda daha fəal iştirak etmək imkanına malik olacağam. Hesab edirəm ki, bu, təkcə mənim üçün deyil, Azərbaycan atıcılıq idmanı üçün də yeni imkanların və beynəlxalq əməkdaşlığın genişlənməsi baxımından mühüm addımdır".

Son xəbərlər

Bütün Xəbər Lenti