Bakıda 15 000 manatlıq onlayn şahmat turniri keçiriləcək
- 11 aprel, 2020
- 14:45
Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Şahmat Federasiyası (AŞF) karantin dövründə şahmatçıların oyun praktikasının qorunması üçün "Evdə qal, həyatları xilas et" şüarı altında layihəyə başlayır.
Federasiyanın Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, layihə çərçivəsində ilk olaraq Beynəlxalq Şahmat Federasiyasının və AŞF-nin vitse-prezidenti Mahir Məmmədovun təşəbbüsü ilə internet üzərindən superblits üzrə Birinci Azərbaycan Kuboku təşkil olunacaq.
"Chess24.com" portalının keçirəcəyi yarışa qeydiyyat 15 aprel saat 22:00-da başa çatacaq. Yarış 16 aprel saat 19:00-da start götürəcək.
İsveçrə sistemi üzrə baş tutacaq turnir 17 turdan ibarət olacaq. İştirakçılara hər oyun üçün 1 dəqiqə və birinci gedişdən başlayaraq hər gediş üçün 1 saniyə əlavə vaxt veriləcək.
Qeyd edək ki, yarışın ümumi mükafat fondu 15 000 manat təşkil edir. Qalib 3 000 manat qazanacaq.
Qadın iştirakçılar arasında ən yaxşı nəticə göstərən şahmatçı 1 000 manat əldə edəcək. Eyni zamanda 16 yaşadək olan və FIDE əmsalı 2 200-dən az olan şahmatçılar arasında ən yaxşı nəticə göstərən dörd iştirakçı üçün mükafatlar nəzərdə tutulub.