“Bakı Balıqçılar və Sualtı Ovçular Klubu” İB-nin rəsmisi: “Builki beynəlxalq turnirdə iştirakçıların sayı daha çoxdur”

Fərdi
  • 26 aprel, 2025
  • 10:51
“Bakı Balıqçılar və Sualtı Ovçular Klubu” İB-nin rəsmisi: “Builki beynəlxalq turnirdə iştirakçıların sayı daha çoxdur”
Azər Əliyev

Bu il Azərbaycanda keçirilən III Odlar Yurdu Beynəlxalq Surfkastinq (sahildən balıq ovlama) turnirində əvvəlkilərlə müqayisədə həm iştirakçı, həm də xaricdən gələnlərin sayı daha çoxdur.

Bunu “Report”a açıqlamasında “Bakı Balıqçılar və Sualtı Ovçular Klubu” İB-nin idarə heyətinin sədri Azər Əliyev Azərbaycanda təşkil olunan III Odlar Yurdu Beynəlxalq Surfkastinq (sahildən balıq ovlama) turniri ilə bağlı deyib.

O, bu il iştirakçıların sayının daha çox olduğunu söyləyib:

“Bakı Balıqçılar və Sualtı Ovçular Klubu” artıq üçüncü dəfə Azərbaycanda bu turniri keçirir. Bu il əvvəlkilərlə müqayisədə həm iştirakçı, həm də xaricdən gələnlərin sayı çoxdur. Ümumilikdə 70-ə yaxın iştirakçı var ki, onların 44-ü xarici ölkələrdən gəliblər. Onların hər biri peşəkar balıqçılardır. Biz də xarici ölkələrdə keçirilən turnirlərdə iştirak etmişik və onların peşəkarlığını görmüşük. Ümidvaram ki, turnir Azərbaycanda idman balıqçılığının inkişafına təkan verəcək və gələcəkdə növbəti yarışların keçirilməsinə zəmin yaradacaq”.

Klub rəsmisi Azərbaycanda peşəkar idman balıqçılığın son 10 ildə xeyli inkişaf etdiyini vurğulayıb:

“Son 10 ildə Azərbaycanda peşəkar və mədəni idman balıqçılığının inkişafı sürətlənib. Bunun müsbət cəhətləri var. Peşəkar idmançılar balığı tuturlar, şəklini çəkib suya buraxırlar. Bu da tükənən sərvət olan balıqların məhvinin qarşısını alır. Həmçinin digər insanlara və övladlarımıza bu baxımdan tərbiyə vermiş oluruq. Balığı tutub məhv etmək yox, həm də balıqçılığı bir hobbi və ya idman kimi inkişaf etdirmək olar”.

A.Əliyev Azərbaycan idmançılarının şanslarını da dəyərləndirib:

“Əcnəbilər arasında peşəkar balıqçılar, çempionlar var. Ona görə də Azərbaycan idmançılarının şanslarını faiz nisbətilə 50-nin 50-yə qiymətləndirirəm. Düzdür, nominasiyalarımız çoxdur. Hər biri üzrə həm azərbaycanlılar, həm də əcnəbilər qalib ola bilər. Azərbaycanlı idmançılar xarici turnirlərdə iştirak ediblər. Məsələn, Polşadakı yarışda üçüncü yeri tutmuşduq. Yunanıstanda da mükafatçı olmuşuq. Artıq bizim idmançıların da xarici ölkələrdə qələbələri var. Balıqçılığın müxtəlif növləri mövcuddur. Bu, sahildən balıq ovlama növü üzrə yarışdır və əsasən dəniz, həmçinin okean sahilində yerləşən ölkələrdə keçirilir”.

Qeyd edək ki, Azərbaycanda sayca üçüncü dəfə təşkil olunan turnir aprelin 27-də yekunlaşacaq.