Azərbaycan qılıncoynadanı: "III MDB Oyunlarında medal qazanacağımı bilirdim"
- 03 oktyabr, 2025
- 15:50

Azərbaycan qılıncoynadanı Mirnuray Abasova III MDB Oyunlarında medal qazanacağına bilirmiş.
Bunu "Report"a açıqlamasında idmançı özü deyib.
O, bürünc medalla kifayətlənməsinə münasibət bildirib:
"Yarışa ciddi hazırlaşmışdım. Medal qazanacağımı bilirdim, içimdə əminlik hissi var idi. Növbəti yarışlara daha yaxşı hazırlaşacağam ki, medalımın əyarını qızıla dəyişim. Yarımfinaldakı rəqibimin təcrübəsi məndən çox olduğu üçün ona qalib gəlməyim çətin idi. Baxmayaraq ki, qarşılaşmada uzun müddət hesbada irəlidə oldum. Lakin dediyim kimi, rəqibin təcrübəsi böyük olduğu üçün istəyimi həyata keçirə bilmədim. Gələcəkdə qızıl medal qazanaraq, Azərbaycan bayrağını daha yüksəklərə qaldıracağam. Bu gün bürünc medal qazanmağımda əməyi olan məşqçilərimə təşəkkür edirəm".
Qeyd edək ki, Mirnuray Abasova qılıncoynatmanın şpaqa növündə yarımfinalda Anastasiya Zabelinaya (Rusiya) uduzaraq bürünc medalla kifayətlənib.