Azərbaycanın iki güləşçisi dünya çempionatının yarımfinalına vəsiqə qazanıb

Fərdi
  • 05 sentyabr, 2017
  • 12:41
Azərbaycanın iki güləşçisi dünya çempionatının yarımfinalına vəsiqə qazanıb
Awf-az.org

Bakı. 5 sentyabr. REPORT.AZ/ Azərbaycanın iki yunan-Roma güləşçisi Yunanıstanın paytaxtı Afinada yeniyetmələr arasında keçirilən dünya çempionatının yarımfinalına vəsiqə qazanıb. 

“Report”un məlumatına görə, Qurban Qurbanov (42 kq) və Nihad Məmmədli (46 kq) həlledici görüşə yüksəlmək imkanı əldə ediblər.

Mübarizəyə 1/8 finaldan başlayan Q.Qurbanov italiyalı Daniel Pramatarovu 5:3, ardınca namibiyalı Hafeni Festus Asinonu 8:0 hesabı ilə məğlub edib. O, yarımfinalda rusiyalı Aleksey Vlasovla qarşılaşacaq.

İlk görüşdə qırğızıstanlı Bəxtiyar Akberdiyevi 5:0, daha sonra türkiyəli Mukremin Aktaşı 4:1 hesabı ilə məğlub edən Məmmədli isə yarımfinalda rusiyalı Ənvər Allahyarovla üz-üzə gələcək.

Yarımfinal görüşləri saat 19:00-da start götürəcək.

Qeyd edək ki, bu gün mübarizəyə qoşulan Fikrət Vəliyevlə (69) Eldar Məmmədov (76) ilk görüşdə uduzublar. İlk dueldə ermənistanlı Tiqran Hambardzumyana qalib gəlib, 1/8 finalda belaruslu Nikita Heurasiouya məğlub olan Laçın Vəliyev isə bürünc medal uğrunda təsəlliverici görüşlərə qatılmaq üçün rəqibinin finala yüksəlməsini gözləməlidir.