Azərbaycan şahmatçısı: "Son turdakı məğlubiyyətdə stress faktoru böyük rol oynadı"
- 16 oktyabr, 2025
- 11:42

Azərbaycan şahmat millisinin Gürcüstanın Batumi şəhərində keçirilən Avropa çempionatının son turunda Serbiyaya məğlubiyyətində stress faktoru böyük rol oynayıb.
Bu barədə yığmanın üzvü Məhəmməd Muradlı "Report"a açıqlama verib.
22 yaşlı qrossmeyster yarışda gümüş medal qazanması ilə bağlı fikirlərini bölüşüb:
"Həqiqətən komandamız turnir ərzində çətin rəqiblərlə üz-üzə gəldi. Reytinq favoritlər və təhlükəli yığmalarla qarşılaşdıq. Sevindirici haldır ki, əziyyətimiz yerdə qalmadı və turniri medalla başa vura bildik. Bu, Aydın Süleymanlı və mənim üçün daha da sevindiricidir. Biz ilk dəfə komandanın tərkibində mükafat qazanırıq. Növbəti yarışda daha yaxşı nəticələr göstərəcəyimizə və qızıl medal qazanacağımıza ümid edirik".
M.Muradlı son turda Serbiyaya məğlubiyyətin səbəbini açıqlayıb:
"Düşünürəm ki, stress faktoru böyük rol oynadı. Rəqib də təhlükəli komanda idi. Serbiya millisi bizə qarşı görüşün favoriti olmasa da, oyunçularını tanıdığım üçün deyə bilərəm ki, çox təhlükəli şahmatçılardır. Onlar rəqiblərinə problem yarada bilirlər. Amma komanda yoldaşlarım əllərindən gələni etdilər, son anadək çalışdılar. Bəzən alınmır, burada deyiləcək söz yoxdur. Hamı əlindən gələni etdi və bu dəfə ikinci yerlə kifayətləndik. Növbəti dəfə daha yaxşı nəticələrlə yadda qala bilərik".