Azərbaycan millisinin baş məşqçisi: "Avropa çempionatında uğurlu çıxış edəcəyimizə inanıram"

Fərdi
  • 11 fevral, 2026
  • 16:27
Azərbaycan millisinin baş məşqçisi: Avropa çempionatında uğurlu çıxış edəcəyimizə inanıram

Kamandan oxatma üzrə Azərbaycan millisinin baş məşqçisi Natiq Fazilov Bolqarıstanda keçiriləcək Avropa çempionatında idmançıların uğurlu çıxış edəcəklərinə inanır.

Mütəxəssis bunu "Report"a açıqlamasında deyib.

O, hazırlıq prosesi və gözləntilərini bu sözlərlə ifadə edib:

"Avropa çempionatından əvvəl Şəki Olimpiya İdman Kompleksində təlim-məşq toplanışı keçirdik. Çatışmazlıqları bacardığımız qədər aradan qaldırmağa çalışdıq. İnanıram ki, Bolqarıstanda keçiriləcək Avropa çempionatında idmançılarımız layiqincə çıxış edəcəklər. Bizdə əsas medal ümidləri qadınların komandası və kişilərdən Məhəmmədəli Əliyevdir. Şəxsi yarışda isə Yaylagül Ramazanova, Fatimə Hüseynli və Lalə Əbdürrəhmanovadan uğurlu nəticələr gözləyirik. İdmançılar bu məsuliyyəti hiss edirlər".

N.Fazilov yanvarda keçirilən ölkədaxili yarışların nəticələrini də yüksək qiymətləndirib:

"Yanvarın 12-17-də Azərbaycan çempionatı və birinciliyi keçirilmişdi. Orada uşaqlar yüksək nəticələr göstərmişdilər. Fatimə Hüseynli və Lalə Əbdürrəhmanova idman ustası, Aliyə Əliyeva və Sərdar Vəliyev isə idman ustalığına namizəd normativlərini doldurublar. İnanıram ki, bu nəticələri Avropa çempionatında da göstərib yüksək yerlər tutacaqlar".

Qeyd edək ki, Avropa çempionatı fevralın 16-21-i aralığında Bolqarıstanın Plovdiv şəhərində qapalı məkanda keçiriləcək.

Son xəbərlər

Bütün Xəbər Lenti