Ağırlıqqaldırma növündə çəki dərəcələri artırılıb

Fərdi
  • 05 iyul, 2018
  • 08:43
Ağırlıqqaldırma növündə çəki dərəcələri artırılıb

Bakı. 5 iyul. REPORT.AZ/ Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının (IWF)  İcraiyyə Komitəsi yarışlar zamanı yeni çəki dərəcələrinin tətbiqinə dair qərar qəbul edib. 

"Report"un məlumatına görə, kişilərin mübarizəsində çəkilərin sayı 10-a çatdırılıb. Bunlar 55 kq, 61 kq, 67 kq, 73 kq, 81 kq, 89 kq, 96 kq, 102 kq, 109 kq və 109 kq-dan yuxarı çəkilərdir. 

2020-ci il Tokio Yay Olimpiya Oyunlarında isə 61 kq, 67 kq, 73 kq, 81 kq, 96 kq, 102 kq, 109 kq və 109 kq-dan yuxarı çəkilərdə mübarizə gedəcək. Əvəzində 55 kq və 89 kq olimpiya çəki dərəcələri sayılmayacaq. 

Hazırda qadınların yarışında yeni çəki dərəcələrinin müzakirəsi aparılır. 

Qeyd edək ki, İcraiyyə Komitəsinin qərarını iyulun 6-da Özbəkistanın paytaxtı Daşkənddə keçirəcəyi iclasında IWF Konqresi təsdiqləyəcək. Bu halda, yeni çəkilərlə ilk yarış 1 - 10 noyabrda Türkmənistanın paytaxtı Aşqabadda keçiriləcək dünya çempionatı olacaq.