Yanvarda Azərbaycan TANAP ilə qaz nəqlini 25 % artırıb
- 13 fevral, 2025
- 09:44
Bu ilin yanvar ayında Azərbaycan Avropaya 1 milyard kubmetr təbii qaz ixrac edib.
“Report” xəbər verir ki, bu barədə Energetika Nazirliyinin yanvar ayı üzrə açıqladığı operativ məlumatlarında deyilir.
2024-cü ilin yanvar ayı ilə müqayisədə Avropaya qaz satışı 0,1 milyard kubmetr və ya 9,09 % azdır.
Ümumilikdə isə yanvar ayında Azərbaycandan xaricə qaz satışı 2 milyard kubmetr təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 0,3 milyard kubmetr və ya 13,04 % azdır.
Ötən ay Azərbaycandan Türkiyəyə 0,7 milyard kubmetr, Gürcüstana isə 0,3 milyard kubmetr qaz satılıb. Türkiyəyə qaz ixracı il ərzində 0,1 milyard kubmetr və ya 12,5 %, Gürcüstana isə 0,1 milyard kubmetr və ya 25 % azalıb.
Hesabat dövründə Türkiyəyə Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) ilə 0,5 milyard kubmetrə yaxın qaz nəql olunub. Bu da illik müqayisədə 0,1 milyard kubmetr və ya 25 % çoxdur.
Qeyd edək ki, hazırda Azərbaycan qazının Avropanın cənubuna nəql olunduğu Cənub Qaz Dəhlizinin Avropa hissəsi olan Trans-Adriatik Qaz Boru Kəmərinin (TAP) ötürücülük qabiliyyəti ildə 12 milyard kubmetrə çatıb.
TAP-ın tikintisi 2020-ci ilin oktyabrında başa çatıb. Kəmərin ümumi uzunluğu 878 km-dir ki, bunun da 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniya ərazisindən, 105 km-i Adriatik dənizinin dibi ilə, 8 km-i isə İtaliya ərazisindən keçir.
Azərbaycan qazının TAP vasitəsilə İtaliya, Yunanıstan və Bolqarıstandakı istehlakçılara tədarükü 2020-ci il dekabrın 31-dən başlayıb.
Türkiyəyə Azərbaycanın “Şahdəniz” yatağından hasil edilən təbii qaz nəql olunur. Təbii qaz həcmləri Cənubi Qafqaz Boru Kəməri (Bakı-Tbilisi-Ərzurum) və TANAP vasitəsilə Türkiyə bazarına çatdırılır. Bakı-Tbilisi-Ərzurum kəməri ilə ilk qaz Türkiyə bazarına 2007-ci ildə daxil olub. TANAP vasitəsilə Türkiyəyə kommersiya qazının nəqlinə isə 2018-ci il iyunun 30-da başlanılıb.