Yanvarda Azərbaycan neft məhsullarının ixracından qazncını 19 % artırıb

Energetika
  • 17 fevral, 2022
  • 12:54
Yanvarda Azərbaycan neft məhsullarının ixracından qazncını 19 % artırıb

2022-ci ilin yanvar ayı ərzində Azərbaycan gömrük bəyannamələrinə əsasən, 36 min 273,83 ton həcmində neft məhsulları ixrac edib.

“Report”un Dövlət Gömrük Komitəsinin statistikasına əsasən verdiyi xəbərə görə, bu həcmdə məhsulun dəyəri 17,143 milyon ABŞ dolları təşkil edib.

Bu ilin yanvar ayı ərzində ixrac edilən neft məhsullarının həcmi 2021-ci ilin eyni ayı ilə müqayisədə 7,7 % az, dəyəri isə 19,3 % çoxdur.

Yanvar ayı ərzində neft məhsullarının Azərbaycanın ümumi ixracında payı 0,56 % olub.

Qeyd edək ki, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Heydər Əliyev adına Neft Emalı Zavodu regionun yeganə neft emalı müəssisəsi olaraq, Azərbaycanın “Aİ-92”, dizel və təyyarə yanacağı kimi yanacaq məhsulları ilə təmin etməklə yanaşı, SOCAR-ın ölkədəki neft-kimya müəssisələrini də xammal ilə təchiz edir. Zavodda istehsal edilən məhsulun bir qismi isə ixrac olunur. NEZ-in istehsal gücünün artırılması, ölkənin “Euro-5” standartına uyğun olan yüksək keyfiyyətli yanacaqla təmin edilməsi, “Azərikimya” İstehsalat Birliyinin sabit xammal təchizatı və neft məhsullarının ixrac potensialının yüksəldilməsi məqsədi ilə həyata keçirilən modernizasiya və yenidənqurma işləri ölkə sənayesi üçün mühüm əhəmiyyət daşıyır.

Qrafikə əsasən NEZ-də "Avro-5" tələblərinə cavab verən dizel yanacağı istehsalına başlanılması 2022-ci ilin ortalarına nəzərdə tutulur. Sonrakı mərhələdə yeni qurğuların ard-arda istismara verilməsi ilə istehsal olunan benzinin də keyfiyyətinin tədricən artırılması və 2023-cü ildə “Euro-5” standartına çatdırılması planlaşdırılır. Modernizasiya və yenidənqurma işləri paytaxtın ekoloji mühitinin yaxşılaşdırılmasına da mühüm töhfə verəcək.