"Xəzər Yaşıl Enerji Dəhlizi" layihəsinin TİƏ-sinin hazırlanmasına 2 milyon dollar ayrılacaq

Energetika
  • 09 oktyabr, 2026
  • 15:54
Xəzər Yaşıl Enerji Dəhlizi layihəsinin TİƏ-sinin hazırlanmasına 2 milyon dollar ayrılacaq

Asiya İnfrastruktur İnvestisiya Bankı (AIIB) və Asiya İnkişaf Bankı (ADB) "Xəzər Yaşıl Enerji Dəhlizi" layihəsinin texniki-iqtisadi əsaslandırmasının (TİƏ) hazırlanmasına 2 milyon ABŞ dolları ayırmağı planlaşdırır.

Bu barədə "Report"a AIIB-dən məlumat verilib.

Bildirilib ki, TİƏ-nin birinci mərhələsinə AIIB artıq 1 milyon ABŞ dolları dəyərində qrant ayırıb. Layihə çərçivəsində Azərbaycanla Qazaxıstan arasında uzunluğu 400 kilometr olan sualtı elektrik kabelinin çəkilməsi təklif olunur.

Özbəkistan isə dəhlizə quru elektrik şəbəkələri vasitəsilə qoşulacaq. Tədqiqat zamanı layihənin texniki, iqtisadi, maliyyə, ekoloji və sosial baxımdan nə dərəcədə həyata keçirilə biləcəyi qiymətləndiriləcək. Bundan əlavə, elektrik enerjisinin ötürülməsi variantları və transsərhəd ticarət imkanları öyrəniləcək.

"ADB texniki yardım kimi daha 1 milyon ABŞ dolları ayıracaq. Bununla da tədqiqata göstərilən dəstəyin ümumi həcmi 2 milyon ABŞ dollarına çatacaq. AİİB və ADB layihənin hazırlanması üzərində birgə işləyəcək", - məlumatda deyilir.

Bu gün AIIB və Azərbaycan hökuməti ümumi məbləği 1,1 milyon ABŞ dolları olan iki qrant sazişi imzalayıb. Qrantlar İnkişafın Maliyyələşdirilməsi üzrə Çoxtərəfli Əməkdaşlıq Mərkəzinin (MCDF) Maliyyə Mexanizmi hesabına maliyyələşdirilir, onları AİİB cəlb edib. Vəsait "Xəzər Yaşıl Enerji Dəhlizi" layihəsinin, həmçinin Xəzərdə dəniz külək enerjisinin genişmiqyaslı inkişafı üçün zəruri olan sahil infrastrukturunun hazırlanmasına yönəldiləcək. Bunlar AIIB ilə Azərbaycan arasında MCDF-in dəstəyi ilə imzalanan ilk iki qrant sazişidir. Onlar bu layihələri əhatə edir: Xəzər Yaşıl Enerji Dəhlizi" və "Azərbaycanda genişmiqyaslı dəniz külək elektrik stansiyası üçün sahil infrastrukturu.

Sənədlər layihələrin hazırlanması sahəsində əməkdaşlığın yeni istiqamətini açır, davamlı enerji infrastrukturuna gələcək investisiyalar və regional əlaqəliliyin gücləndirilməsi üçün zəmin yaradır.

100 min ABŞ dolları məbləğində ikinci qrant sahil infrastrukturunun konsepsiyasının hazırlanmasına yönəldilib. Bu infrastruktur Azərbaycanda dəniz külək enerjisinin genişmiqyaslı inkişafı üçün zəruridir və liman qurğularını, ixtisaslaşdırılmış gəmiləri, yarımstansiyaları və enerji şəbəkəsinə qoşulmanı əhatə edir.

Bu dəstək Xəzər regionunun bərpa olunan enerji potensialını investisiya cəlb etməyə hazır real infrastruktur layihələrinə çevirmək yolunda mühüm addımdır", – deyə AİİB-nin investisiya bloku rəhbəri, dövlət sektoru (2-ci region), layihə və korporativ maliyyə müştəriləri (qlobal) Konstantin Limitovski bildirib.

"Biz transsərhəd enerji əlaqələrinin və dəniz külək enerjisi infrastrukturunun hazırlanmasını hələ erkən mərhələdə dəstəkləyirik. Bununla da regionda daha sıx enerji inteqrasiyası, enerji mənbələrinin şaxələndirilməsi və davamlı inkişaf üçün zəmin yaradırıq", - o vurğulayıb.

Qrantlar ilkin mərhələdə texniki tədqiqatları və texniki-iqtisadi əsaslandırmanın hazırlanmasını dəstəkləyəcək. Bu iş infrastrukturun keyfiyyətli hazırlanmasına kömək edəcək. Həmin infrastruktur Azərbaycana dəniz külək enerjisi potensialından istifadə etməyə, eləcə də Mərkəzi Asiya, Cənubi Qafqaz və, ehtimal ki, Avropa bazarları arasında transsərhəd enerji əlaqələrini genişləndirməyə imkan verə bilər. Beləliklə, təşəbbüslər AIIB-nin "Yaşıl infrastruktur" və "Əlaqəlilik və regional əməkdaşlıq" tematik prioritetlərinə uyğundur.

"AIIB ilə imzalanmış qrant sazişləri Azərbaycanın Xəzərdə dəniz külək enerjisinin genişmiqyaslı inkişafı, eləcə də yaşıl enerjinin regional və qitələrarası ötürülməsi kimi strateji məqsədlərinə beynəlxalq dəstəyin göstəricisidir", – deyə energetika naziri Pərviz Şahbazov bildirib.

Onun sözlərinə görə, hər iki layihə strateji əhəmiyyət daşıyır: "Onlar Azərbaycanın zəngin bərpa olunan enerji potensialını iqtisadi dəyərə çevirməyə, Xəzər regionundan və Mərkəzi Asiyadan yaşıl enerji resurslarının ixracına şərait yaradacaq və ölkəmizin regional enerji inteqrasiyasındakı strateji rolunu daha da gücləndirəcək".

Bu qrantlar AIIB-nin daha geniş səylərinin bir hissəsidir. Bank tərəfdaşları ilə birlikdə keyfiyyətli transsərhəd infrastruktur layihələri hazırlayır, regional əlaqəliliyi gücləndirən və yaşıl keçidi dəstəkləyən təşəbbüslər üçün resurslar səfərbər edir.

AIIB ilə Azərbaycan arasında tərəfdaşlıq infrastruktur investisiyaları və strateji əməkdaşlıq hesabına genişlənməkdə davam edir. Bu əməkdaşlığın mühüm hissəsi prioritet sahələrdə qarşılıqlı fəaliyyətin dərinləşdirilməsinə yönəlmiş Birgə Bəyannamədir. Bundan əlavə, 2027-ci il iyulun 14-15-də Azərbaycan AIIB-nin Bakıda keçiriləcək 12-ci İllik Toplantısına ev sahibliyi edəcək. Bu, münasibətlərin inkişafında daha bir mühüm mərhələ olacaq.

Asiya İnfrastruktur İnvestisiya Bankı (AİİB) "Sabahın infrastrukturu"nu maliyyələşdirən və fəaliyyətinin əsasına davamlılığı qoyan çoxtərəfli inkişaf bankıdır. AİİB 2016-cı ildə fəaliyyətə başlayıb. Hazırda bankın dünya üzrə 111 təsdiqlənmiş üzvü var, kapitalı 100 milyard ABŞ dollarıdır. Aparıcı beynəlxalq reytinq agentlikləri banka ən yüksək AAA kredit reytinqi verib. AİİB tərəfdaşları ilə birlikdə kapital səfərbər edir, davamlı iqtisadi inkişafa və regional əlaqəliliyin gücləndirilməsinə töhfə verən infrastruktur və digər istehsal sahələrinə investisiya qoyur.