Xasenov: “Qazaxıstan neftinin BTC ilə tranzit həcmləri artacaq”

Energetika
  • 30 may, 2025
  • 11:49
Xasenov: “Qazaxıstan neftinin BTC ilə tranzit həcmləri artacaq”

Qazaxıstan neftinin Azərbaycan ərazisindən Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə tranzit həcmləri hər il artır və gələcəkdə də artacaq.

Bu barədə “Report”un Qazaxıstan bürosuna "KazMunayQaz" (KMQ) milli şirkətinin İdarə Heyətinin sədri Asxat Xasenov bildirib.

"Qazaxıstan neftinin BTC ilə nəqli ildən-ilə tədricən artır", - o qeyd edib.

A.Xasenovun sözlərinə görə, gələcəkdə Qazaxıstan neftinin Azərbaycan ərazisi ilə ixrac həcminin artması həmişə kommersiya danışıqlarının mövzusudur.

"Kommersiya şərtləri, yəni nəqletmənin dəyəri ilə bağlı məsələlər var. Şərtlər nə qədər yaxşı olarsa, bir o qədər çox neft nəql ediləcək. Həmçinin keyfiyyət bankı ilə bağlı məhdudiyyətlər var və onları da həll etmək lazımdır. Yəni həm texniki, həm də kommersiya məsələləri var. Bununla belə, həcmlər ildən-ilə artır və artacaq", - A.Xasenov bildirib.

2022-ci ildə KMG ilə SOCAR arasında Qazaxıstan neftinin tranziti haqqında saziş imzalanıb. 2023-cü ilin mart ayında “Kaşağan” yatağından Azərbaycan ərazisi ilə test rejimində 7 min ton neft göndərilib.

2024-cü ilin martında SOCAR və KMG arasında Azərbaycan ərazisindən neft tranzitinin mərhələli şəkildə artırılması haqqında saziş imzalanıb. Sənəd tədarük həcminin ildə 2,2 milyon tona çatdırılmasını artırılmasını nəzərdə tutur.

Bundan əlavə, 2025-ci il yanvarın 15-də “SOCAR Midstream Operations LLC” "KazMunayQaz"ın (KMQ) törəmə şirkəti olan “KMG Trading” ilə ildə 240 min ton “Kaşağan” neftinin tranziti barədə saziş imzalayıb. Yanvarın 25-də Aktau limanında tankerlərə yüklənən təxminən 6 min ton “Kaşağan” neftinin ilk partiyası yanvarın 27-də Səngəçal terminalına çatıb.

Xəbər verildiyi kimi, 2023-cü ildə Aktau limanından BTC sisteminə 1 milyon tondan çox Qazaxıstan nefti göndərilib. 2024-cü ildə BTC ilə Qazaxıstan neftinin tranziti 1,4 milyon ton təşkil edib. 2025-ci ildə BTC ilə nəql planı 1,7 milyon tondur.

Qazaxıstan neftinin Azərbaycan ərazisi ilə ümumi tranzit həcmi 3 milyon tona çatıb.

44 - Tezliklə