Xarici neft şirkətləri Qazaxıstan neftini BTC ilə nəql etməyə başlayıb

Energetika
  • 21 oktyabr, 2022
  • 10:20
Xarici neft şirkətləri Qazaxıstan neftini BTC ilə nəql etməyə başlayıb

Bu ilin sonuna qədər "Total & Dunga" neft şirkəti 200 min tona qədər Qazaxıstan neftini Aktau limanı vasitəsilə Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac boru kəməri ilə nəql etməyi planlaşdırır.

“Report” xəbər verir ki, bu barədə “Reuters”ə mənbələr bildiriblər.

Onların sözlərinə görə, ilk nəlqetmə artıq sentyabrda başlayıb, bir ay ərzində 25 min ton tədarük edilib.

Qeyd edək ki, “Total & Dunga” Qazaxıstanın “Dunqa” yatağının (neft ehtiyatları 100 milyon tondan artıqdır) işlənməsi ilə məşğuldur, onun 60 %-i Fransanın “Total” şirkətinə, 20 %-i Oman Neft Şirkəti nə, 20 %-i isə Portuqaliyanın “Partex” şirkətinə məxsusdur.

Avqust ayında “Reuters” agentliyinin mənbəsi iddia edib ki, Qazaxıstan Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə BTC vasitəsilə ildə 1,5 milyon tona qədər neft tədarükü ilə bağlı danışıqlar aparır.

“Reuters” qeyd edir ki, Qazaxıstanda fəaliyyət göstərən neft şirkətləri 2022-ci ilin payızında Xəzər Boru Kəməri Konsorsiumu (CPC - Qərbi Qazaxıstandakı yataqları Novorossiysk limanı ilə birləşdirən kəmər) vasitəsilə tranzitdən yan keçərək Avropa İttifaqına neft tədarükü üçün alternativ marşrutlardan istifadə etməyə başlayıblar.

Agentliyin məlumatına görə, “Tengiz Chevroil” şirkəti oktyabrda Finlandiyaya dəmir yolu ilə 1 000 ton neft çatdırmağı planlaşdırır. Şirkət ehtiyatları 3,2 milyard ton olan böyük “Tengiz” neft yatağının işlənməsi ilə məşğuldur. Onun səhmdarları ABŞ-ın “Chevron” (50 %) və “ExxonMobil Kazakhstan Ventures Inc” (25 %), Qazaxıstanın “Kazmunaigas” dövlət neft-qaz şirkəti (20 %) və Rusiyanın “Lukoil Lukarco B.V.” (5 %) şirkətləridir.

Xatırladaq ki, bu ilin martında CPC-nin Novorossiyskdəki terminalında neftin boşaldılması fırtına səbəbindən işləyən üç uzaqdan yanalma qurğusundan ikisinin zədələnməsi səbəbindən dayandırılıb. İyun ayında su ərazisinin Böyük Vətən Müharibəsindən qalan bombalardan təmizlənməsi zərurəti ilə bağlı yeni problemlər yaranıb. İyul ayında əvvəllər Rusiya Federasiyasının Nəqliyyat sahəsində Nəzarət üzrə Federal Xidməti (“Rostransnadzor”) tərəfindən müəyyən edilmiş pozuntuların aradan qaldırılması üçün Novorossiyskin Primorski Rayon Məhkəməsinin qərarı ilə CPC vasitəsilə neftin nəqli tamamilə müvəqqəti dayandırıldı.

Hələ iyul ayında Qazaxıstan Prezidenti Kasım-Comərt Tokayev 2022-ci ildə CPC vasitəsilə neft tədarükü ilə bağlı yaranan problemlər fonunda “Kazmunaygas”a respublikadan neft ixracını diversifikasiya etmək üçün Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun həyata keçirilməsi üçün ən yaxşı variantı işləyib hazırlamağı tapşırmışdı. Daha sonra bunun üçün “Tengiz” layihəsindən investorların cəlb edilməsi imkanlarının araşdırılacağı bildirilib. Həmçinin Tokayev Atırau-Kenkiyak və Kenkiyak-Kumkol neft kəmərlərinin ötürücülük qabiliyyətinin artırılması üçün tədbirlər görməyə göstəriş verib. Bu marşrut neftin ən böyük yataqların cəmləşdiyi Qazaxıstanın qərbindən Çinlə sərhədə nəqlinə imkan verir.

44 - Tezliklə