UNİDO: Dayanıqlı sənayeləşmə mərkəzləri təchizat zənciri problemlərini həll edir
- 01 iyun, 2026
- 18:28
Dayanıqlı sənayeləşmə mərkəzləri ölkələrin təchizat zənciri problemlərini həll etməsinə kömək edir.
"Report" xəbər verir ki, bunu BMT-nin Sənaye İnkişafı Təşkilatında (UNIDO) Sənaye inkişafı üzrə mütəxəssis Gersvin Makkuur 31-ci Bakı Enerji Forumunda bildirib.
Onun sözlərinə görə, bu gün təchizat zəncirlərində risklərin qiymətləndirilməsi mühüm məsələdir: "Çünki bu zəncirlərdə riskləri idarə etmək üçün lazım olan məlumatlar həmişə mövcud olmur. Məsələn, regional inteqrasiya və şəbəkələrin genişlənməsi ilə bağlı risklər mövcuddur. Biz tələbatın artdığını bilirik və sərhədlərarası inteqrasiya olunmuş formada düzgün ekosistemlər qurmalıyıq".
G. Makkuur qeyd edib ki, təchizat zəncirlərindəki "dar boğazlar"a iqlim dəyişikliyi, geosiyasi dinamika və münaqişələr kimi enerji təhlükəsizliyi hadisələri də təsir göstərir: "Biz ölkələrdə dayanıqlı sənayeləşmə mərkəzləri qurmaq üzərində işləyirik. Bu mərkəzlər müxtəlif enerji və xidmət təminatçılarını bir araya gətirərək, ölkələrin təchizat zənciri problemlərini həll etməsinə və riskləri minimuma endirməsinə kömək edir".