Türkiyəli nazir: "Azərbaycanla enerji əməkdaşlığı çərçivəsində üç yeni layihə hazırlanır"
- 11 sentyabr, 2026
- 14:13
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan-Türkiyə enerji əməkdaşlığı çərçivəsində üç yeni layihə hazırlanır.
"Report" xəbər verir ki, bunu Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar Bakıda keçirilən Azərbaycan-Türkiyə 5-ci Enerji Forumunda bildirib.
"Ötən il İğdır-Naxçıvan qaz kəməri ilə çox mühüm, yeni bir birləşmə nöqtəsini ortaya qoyduq. Kilis üzərindən Suriyaya təbii qaz ötürmə xəttini bağlayaraq Azərbaycandan gələn təbii qazı svop yolu ilə Suriyaya ixrac etmək fəaliyyətimiz də ötən il sizlərin iştirakı ilə keçirilən mərasimdə reallaşdı və bu günə qədər 1 milyard kubmetrdən çox qaz Suriyaya çatdırıldı. Həqiqətən, bunlar çox mühüm layihələrdir. Eynilə, Türkiyə üzərindən Avropaya yalnız TANAP vasitəsilə deyil, Bolqarıstan üzərindən çatdırılan qazla SOCAR 16 ölkəyə qaz ixrac edir.
Mühüm bir irəliləyişdir ki, bu il TANAP-la qurulduğu gündən bu günə qədər 100 milyard kubmetr qaz nəql edilib. Beləliklə, bu da əlaqələrimizdə çox mühüm bir dönüş nöqtəsidir. Əlbəttə, artıq dünyanın elektrikləşdiyi və elektrik dövrünə qədəm qoyduğumuz bir vaxtda münasibətlərimizdə elektrik enerjisi daha çox ön plana çıxmağa başlayıb. Xüsusilə, qeyd etdiyiniz kimi, üç çox mühüm layihə üzərində işləyirik", - deyə o qeyd edib.