Türkiyə ərazisi ilə nəql olunan BTC neftinin həcmi 6 %-ə yaxın azalıb

Energetika
  • 25 aprel, 2025
  • 15:08
Türkiyə ərazisi ilə nəql olunan BTC neftinin həcmi 6 %-ə yaxın azalıb

Bu ilin yanvar-mart ayında Türkiyə ərazisi ilə Bakı-Tbilisi-Ceyhan (BTC) kəməri vasitəsilə 52,243 milyon barel neft nəql edilib.

Bu barədə “Report” Türkiyənin BOTAŞ şirkətinə istinadən xəbər verir.

Məlumata görə, bu, 2024-cü ilin ilk üç ayı ilə müqayisədə 3,079 milyon barel və ya 5,6 % azdır.

Təkcə bu ilin mart ayında Türkiyə ərazisi ilə BTC kəməri vasitəsilə 18,625 milyon barel neft nəql edilib. Bu da ötən ilin mart ayı ilə müqayisədə 737 min barel və ya 3,8 % azdır.

Xatırladaq ki, 2024-cü ildə Türkiyə ərazisi ilə Bakı-Tbilisi-Ceyhan (BTC) kəməri vasitəsilə 224,142 milyon barel neft nəql edilib.

Qeyd edək ki, hazırda BTC boru kəməri əsasən Azərbaycandan “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan hasil edilən nefti və “Şahdəniz” yatağından çıxarılan kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə digər xam neft və kondensat həcmləri, o cümlədən Türkmənistan və Qazaxıstan nefti də nəql olunur.