Türkiyə Azərbaycan qazını idxal edən TOP-3 ölkə sırasındadır
- 19 iyul, 2024
- 08:51
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-may aylarında Azərbaycan Türkiyəyə 4 milyard 072 milyon 463 min kubmetr qaz ixrac edib.
Bu barədə “Report” Dövlət Statistika Komitəsinin məlumatına istinadən xəbər verir.
Məlumata görə, hesabat dövründə Türkiyəyə tədarük edilən Azərbaycan qazının dəyəri 1 milyard 278 milyon 049,69 min ABŞ dolları təşkil edib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə ixrac miqdar ifadəsində 3,9 % artıb, dəyər ifadəsində isə 17,1 % azalıb.
Bütövlükdə, bu ilin ilk beş ayı ərzində Azərbaycan 3 milyard 451 milyon 136,68 min ABŞ dolları (51,4 % az) dəyərində 9 milyard 912 milyon 607,09 min kubmetr qaz (5,9 % çox) ixrac edib. Hesabat dövründə Azərbaycan 6 ölkəyə - İtaliya, Bolqarıstan, Yunanıstan, Serbiya, Türkiyə və Gürcüstana təbii qaz ixrac edib.
Hesabat dövründə Azərbaycan qazının alış həcminə görə ilk üçlüyə Türkiyə, İtaliya və Bolqarıstan daxil olub. Yanvar-may aylarında Azərbaycandan ixrac edilən qazın 41,1 %-i ikinci pillədə qərarlaşan Türkiyənin payına düşüb.
Xatırladaq ki, 2023-cü ildə Azərbaycan Türkiyəyə 3 milyard 681 milyon 484,94 min ABŞ dolları (artım 66,7 %) dəyərində 10 milyard 854 milyon 265 min kubmetr (2022-ci illə müqayisədə artım 58,4 %) qaz ixrac edib.
Qeyd edək ki, Türkiyəyə Azərbaycanın “Şahdəniz” yatağından hasil edilən təbii qaz nəql olunur. Bakı-Tbilisi-Ərzurum kəməri ilə ilk qaz Türkiyə bazarına 2007-ci ildə daxil olub. TANAP vasitəsilə Türkiyəyə kommersiya qazının nəqlinə isə 2018-ci il iyunun 30-da başlanılıb.