Türkiyə 4 ayda Azərbaycan qazının alıcısı olan ölkələr arasında lider olub
- 24 iyun, 2025
- 18:06
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-aprel aylarında Türkiyə Azərbaycan qazının alıcısı olan ölkələr arasında lider olub.
“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, Azərbaycandan qaz ixracının ümumi həcmində Türkiyənin payı 39,1 % təşkil edib.
Hesabat dövründə Azərbaycan 3 milyard 65,562 milyon ABŞ dolları dəyərində (+11,1 %) 8 milyard 160,029 milyon kubmetrdən çox qaz (+5,9 %) ixrac edib. Tədarük altı ölkəyə - İtaliya, Bolqarıstan, Yunanıstan, Serbiya, Türkiyə və Gürcüstana həyata keçirilib.
Hesabat dövründə Azərbaycan qazının alış həcminə görə ilk üçlüyə Türkiyə, İtaliya və Gürcüstan daxil olub. Türkiyə 894,914 milyon ABŞ dolları dəyərində (-11,1 %) 3 milyard 190,672 milyon kubmetrdən çox qaz (+0,1 %) idxal etməklə lider olub.
İtaliya 38,1 % payla ikinci yeri tutub. Bu ilin yanvar-aprel aylarında bu ölkəyə 1 milyard 649,522 milyon ABŞ dolları (+23,3 %) dəyərində 3 milyard 106,567 milyon kubmetrə yaxın qaz (+1,2 %) tədarük edilib.
Azərbaycan qazının alıcısı olan ölkələr arasında üçüncü yeri 12,2 % payla Gürcüstan tutub. Hesabat dövründə Gürcüstana 121,54 milyon ABŞ dolları dəyərində (-24,3 %) 995,336 milyon kubmetrdən çox qaz (+1,8 dəfə) tədarük edilib.