Trayço Traykov: "Azərbaycanla müqavilə sayəsində Bolqarıstanda yanacağın qiyməti sabitdir"

Energetika
  • 04 mart, 2026
  • 16:02
Trayço Traykov: Azərbaycanla müqavilə sayəsində Bolqarıstanda yanacağın qiyməti sabitdir

Yaxın Şərqdəki böhran səbəbindən qiymətlərin artması fonunda Azərbaycanla uzunmüddətli müqavilə Bolqarıstanın qaz bazarında sabitliyin əsas mənbəyidir.

"Report" xəbər verir ki, bunu Bolqarıstanın energetika naziri Trayço Traykov bu ölkənin Nazirlər Şurasının Fars körfəzindəki böhranla əlaqədar keçirilən növbədənkənar iclasında bildirib.

Onun sözlərinə görə, spot bazarlar regionla bağlı istənilən xəbərə həssaslıqla reaksiya verdiyi bir vaxtda Bolqarıstan qazı artıq razılaşdırılmış şərtlərlə - böhrandan əvvəlki dövrün qiymət parametrləri əsasında əldə edir.

"Sabitliyin əsas mənbəyi Azərbaycanla imzalanmış uzunmüddətli qaz müqaviləsidir. Cari tədarük şaxələndirmə ilə bağlı intensiv fəaliyyətin nəticəsidir - bu, tədarükün sabitliyinin təmin edilməsi və istehlakçıların qəfil qiymət şoklarından qorunması yoludur. Biz beynəlxalq bazarların dinamikasını izləməyə davam edir və dövlət enerji şirkətləri ilə birlikdə sektorun və istehlakçıların təhlükəsizliyini və rəqabətə davamlılığını dəstəkləmək üçün tədbirlər görürük", - Traykov bildirib.

Mayeləşdirilmiş təbii qaz (LNG) idxalından danışan nazir qeyd edib ki, Bolqarıstan LNG-ni Yaxın Şərqdə böhranın gərginləşməsindən əvvəl razılaşdırılmış qiymətlərlə idxal edib.

"Saziş cari bazar qiymətlərindən xeyli aşağı qiymətlərlə bağlanıb və dünya bazarında neft və qazın kəskin bahalaşması fonunda daxili bazarın proqnozlaşdırıla bilməsi üçün şərait yaradır", - nazir qeyd edib.

T. Traykov əlavə edib ki, Aleksandrupolisdəki terminalda "Bulqarqaz" şirkəti üçün 2026-cı il üzrə ikinci LNG partiyasının boşaldılması prosesi yekunlaşmaq üzrədir. Bolqarıstan üçün 100 milyon kubmetr qazın yükləndiyi tanker ABŞ-nin "Cheniere Energy" şirkətinə məxsus olan "Sabine Pass" terminalında yüklənib, təchizatçı isə "Shell" şirkətidir.

"Hazırda boşaldılan həcmlər cari ayda "Bulqarqaz" şirkətinin müştərilərinin tələbatını ödəyəcək", - o qeyd edib.