"TotalEnergies": "Peyk görüntüləri və yerüstü sensorlar Azərbaycanda da faydalı ola bilər"
- 01 iyun, 2026
- 15:34
Yeniliklərdən dərhal xəbərdar olun!
Neft-qaz sektorunda emissiyaların monitorinqi üçün istifadə olunan peyk görüntüləri və yerüstü sensorlar Azərbaycanda da faydalı nəticələr verə bilər.
"Report" xəbər verir ki, bunu "TotalEnergies" şirkətinin bərpa olunan enerji üzrə baş biznes inkişafı mütəxəssisi Çingiz Orucov Bakıda keçirilən 31-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi çərçivəsində Bakı Ekspo Mərkəzində təşkil olunmuş panel müzakirələrində bildirib.
Onun sözlərinə görə, şirkət müxtəlif ölkələrdəki aktivlərində emissiyaların monitorinqi üçün peyk görüntülərindən və obyektlərdə quraşdırılan sensorlardan istifadə edir: "Bu texnologiyalar emissiyaları və sızmaları operativ aşkarlamağa imkan verir. Peyk məlumatları, sensorlar və digər rəqəmsal həllər vasitəsilə həyata keçirilən monitorinq sistemi Azərbaycanda da tətbiq oluna bilər. Bu cür texnologiyalar emissiyaların azaldılması üzrə tədbirlərin daha effektiv planlaşdırılmasına və həyata keçirilməsinə kömək edir".