"TotalEnergies": "Abşeron" yatağının II mərhələdə işlənməsinə ilin sonuna qədər başlanıla bilər
- 02 iyun, 2026
- 12:46
Yeniliklərdən dərhal xəbərdar olun!
"Abşeron" qaz-kondensat yatağının II mərhələsinin işlənməsi layihəsi üzrə icra mərhələsi üçün tender prosesinə başlanılıb və layihənin ilin sonuna qədər start götürməsi planlaşdırılır.
'Report' xəbər verir ki, bunu "TotalEnergies"in Azerbaycan üzrə rəhbəri Emmanuel de Guillebon Bakı Enerji həftəsinin ikinci günündə təşkil olunmuş panel müzakirələrində bildirib.
Onun sözlərinə görə, Abşeron yatağının ilkin hasilat mərhələsi üç il əvvəl istismara verilib və bu müddətdə yatağın davranışı gözləntiləri doğruldub: "Yataq üzrə hasilat sabit və gözləniləndən daha yaxşı olub. Bu nəticələr ikinci mərhələnin həyata keçirilməsi üçün lazım olan bütün məlumat və inamı formalaşdırıb. SOCAR və XRG (Abu Dabunin milli neft şirkəti) ilə əməkdaşlıq çərçivəsində layihənin FEED (əsas mühəndis layihələndirmə) mərhələsi tamamlanıb".
Şirkət rəhbəri əlavə edib ki, "Abşeron" yatağının II mərhələsi çərçivəsində dənizin dibində yerləşəcək üç yeni hasilat quyusunun qazılması nəzərdə tutulu: "Hər bir quyunun gündəlik hasilat gücü 40 min barel neft ekvivalenti təşkil edəcək. Hasilatın təxminən 70 %-i qaz, 30 %-i isə kondensat olacaq. Layihə çərçivəsində quyular sahildən 140 kilometrlik sualtı boru kəməri ilə birbaşa birləşdiriləcək. Bu layihədə hasilat platforması nəzərdə tutulmur. Quyular birbaşa sahilə qoşulacaq".
O, əlavə edib ki, Abşeron yatağının ikinci mərhələsində parafin çökmələrinin qarşısını almaq üçün dünyada ilk dəfə sənaye miqyasında yeni sualtı texnologiya tətbiq olunacaq: "Layihə çərçivəsində avtomatik sualtı "pig launcher" sistemi quraşdırılacaq. Bu sistem vasitəsilə boru kəmərlərinin təmizlənməsi üçün istifadə olunan xüsusi qurğular hər ay 140 kilometrlik xətt boyunca hərəkət etdiriləcək və bunun üçün nə hasilatın dayandırılmasına, nə də əlavə gəmilərin cəlb olunmasına ehtiyac yaranacaq. Bu texnologiyanın ilk sənaye tətbiqi məhz Azərbaycanda - "Abşeron" layihəsində həyata keçiriləcək. Bununla qürur duyuruq".
"TotalEnergies" rəsmisi vurğulayıb ki, Abşeron yatağının II mərhələsindən hasil ediləcək qazın bir hissəsi Türkiyəyə ixrac ediləcək: "Bunun üçün qazın ixracı Cənubi Qafqaz Boru Kəməri (SCP) vasitəsilə həyata keçiriləcək. Dünən Prezidentin iştirakı ilə BOTAŞ ilə qaz satışı müqaviləsi imzalanıb. Qazın digər hissəsi isə Azərbaycanın daxili bazarına yönəldiləcək. Yataqdan hasil olunacaq kondensat isə emal və stabilləşdirmə üçün AÇG terminalına göndəriləcək, daha sonra Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə ixrac olunacaq".