Məhdud imkanlar, çətin özünüifadə, vaxtsız implant əməliyyat... - Xüsusi internat məktəbindən REPORTAJ
- 14 oktyabr, 2026
- 12:33
Yeniliklərdən dərhal xəbərdar olun!
Bir məktəb düşünün, orada uşaqlar dərs almaqla yanaşı, yaşıdlarından fərqli olaraq danışmağı, ünsiyyət qurmağı, gələcəkdə özlərini müstəqil şəkildə ifadə etməyi də öyrənirlər.
Söhbət sağlamlıq imkanları məhdud olan uşaqlar üçün 3 nömrəli xüsusi internat məktəbindən gedir. Eşitmə məhdudiyyətli uşaqlar üçün olan bu məktəb sadəcə təhsil müəssisəsi deyil, həm də onların həyata hazırlaşdığı, özlərini rahat hiss etdiyi bir məkandır.
Burada işarə dili, xüsusi tədris metodları, loqoped məşğələləri və fərdi yanaşma təhsilin ayrılmaz hissəsidir. Məktəbin müəllim və mütəxəssisləri uşaqların akademik bacarıqları ilə yanaşı, sosial bacarıqlarının inkişafına da çalışırlar.
Bəs bu məktəbdə təhsil və təlim prosesi necə icra olunur, uşaqların hansı çətinlikləri var?
"Report" adıçəkilən məktəbdə olub və müəssisədən reportaj hazırlayıb.
Məktəbin direktoru Tariyel Əkbərov bizi qarşılayır və ilk olaraq tədris müəssisəsi barədə məlumat verir. Onun sözlərinə görə, məktəbdə müxtəlif dərəcədə anadangəlmə eşitmə məhdudiyyəti olan 522 şagird təhsil alır:
"Qruplara qəbul əsasən 6 yaşdan başlayır. Bəzi hallarda daha gec - 8 və ya 9 yaşında da qəbul oluna bilirlər. Bu səbəbdən yaş fərqləri müəyyən qədər arta bilər. Lakin əsas qəbul yaşı 6-dır. Məktəbdə həm eşitmə məhdudiyyətli uşaqlar, həm də əlavə xüsusiyyətləri olan uşaqlar üçün xüsusi siniflər fəaliyyət göstərir. İki profil üzrə təhsil təşkil olunur. Eyni zamanda, koxlear (ağır dərəcədə eşitmə məhdudiyyəti olan şəxslər üçün nəzərdə tutulmuş yüksək texnologiyalı elektron tibbi cihaz - red.) implant əməliyyatı olunmuş uşaqlar üçün də uyğun siniflər var. Onların bir qismi danışa bilir və xüsusi yanaşma ilə təhsil alır".
Birbaşa ali məktəbə qəbul imkanı yoxdur
T. Əkbərov vurğulayıb ki, məktəbdə 11 illik təhsil verilsə də, məzunlar ümumi orta məktəblərin 9-cu sinif proqramına uyğun imtahan verirlər:
"Buna görə də yalnız kollecdə təhsil ala bilərlər. Yəni birbaşa ali məktəbə qəbul imkanı yoxdur. Kolleci bitirdikdən sonra istədikləri halda universitetə qəbul ola bilirlər. Ümumilikdə məzunlarımız əsasən kollec və peşə ixtisaslarına yönəlirlər. Onların arasında işlə təmin olunanlar da var. Mənim işlədiyim dövrdə də həmin məzunlardan bir neçəsini işə qəbul etmişik. Məzunlarımızdan biri kolleci bitirmişdi və biz onu tərbiyəçi vəzifəsinə qəbul etmişik".
Direktorla məktəbin ehtiyacları barədə də danışırıq. Bildirir ki, təlim üçün bəzi xüsusi avadanlıqlar tam təmin olunmayıb. Bununla bağlı aidiyyəti qurumlara məlumat verilib. Yaxın zamanda məktəbə gəlib vəziyyətlə tanış olacaqlar və təminat məsələsinə baxılacaq. Səs dəstəyi ilə də bağlı vasitələrin olması vacibdir.
Daha sonra məktəbin direktor müavini Firuzə Məmmədova bizi sinif otaqları ilə tanış edir.
Məktəbin dəhlizlərində hərəkət etdikcə binanın və sanitar qovşaqların təmirə ehtiyacı olduğu aydın olur.
Direktor müavini məktəb binasında 122 qaçqın və məcburi köçkün ailəsindən ibarət 570-yə yaxın sakinin yaşadığını və onlar köçürüləndən sonra məktəbin əsaslı təmirinin gözlənildiyini qeyd edir.
Daha sonra koxlear implant əməliyyatı olmuş şagirdlərin təhsil aldığı sinfə daxil oluruq. Onlar bizimlə salamlaşır, suallarımıza cavab verə bilirlər. Riyaziyyat dərsində müəllimin tapşırıqlarını həll edən Məhəmməddən gələcəklə bağlı arzularını soruşuram. O da cavabında kompüter mühəndisi olmaq istədiyini, buna görə dərslərə ciddi yanaşdığını deyir.
Erkən əməliyyat daha yaxşı nəticə deməkdir
Firuzə xanım vurğulayır ki, vaxtilə bu uşaqlara anadangəlmə eşitmə məhdudiyyəti diaqnozu qoyulub:
"Lakin koxlear implant əməliyyatı olunaraq eşitmələri müəyyən qədər bərpa olub. Əməliyyatla uşağın eşitmə və danışıq bacarıqlarında irəliləyiş əldə etmək mümkündür. Amma burada əməliyyatın vaxtında aparılması da çox önəmlidir. Uşaq nə qədər erkən əməliyyat olunursa, nəticə də bir o qədər tez və yaxşı ola bilir. Məsələn, 1 yaşında əməliyyat olunan uşaqlarda daha yaxşı nəticələr müşahidə olunur. 4, 5 və ya 6 yaşında əməliyyat olunan uşaqlarda isə nəticə effektiv olmaya bilər. Çünki uşaq həmin yaşa qədər eşitmə və nitq inkişafının müəyyən mərhələlərini keçir. Məktəbdə bunun nümunələrini də görürük. Daha erkən yaşda əməliyyat olunan və sonradan məktəbə gələn uşaqların nitqi daha aydın olur. Elə uşaqlar da var ki, 5 yaşında əməliyyat olunub. Onlar eşitsələr də, sözləri əvvəlki qədər aydın ifadə edə bilmirlər, nitqləri müəyyən qədər yarımçıq və anlaşılması çətin ola bilər".
Müavin əlavə edir ki, koxlear implant qoyulduqdan sonra uşaq səsə birdən-birə tam şəkildə alışdırılmır. Məqsəd uşağın səsləri mərhələli şəkildə qəbul etməsi, müxtəlif səsləri və küyü bir-birindən ayırmağı öyrənməsidir. İmplantın proqramlaşdırılması və bu prosesin mərhələli şəkildə aparılması mütəxəssislər tərəfindən həyata keçirilir. Ona görə də implantdan sonra uşağın yalnız evdə qalması kifayət deyil. Heç bir reabilitasiya və xüsusi məşğələ olmadan uşağın evdə qalmasının faydası məhdud olur. Reabilitasiya prosesi keçdikdən sonra uşağın məktəbə yönləndirilməsi və bu prosesin düzgün qurulması daha yaxşı nəticələr verə bilər.
Firuzə xanım anadangəlmə məhdudiyyəti olan və implant olunmayan uşaqların əsas ünsiyyət vasitəsinin işarə dili olduğunu deyir:
"Bu dillə ünsiyyət qurmağı öyrənirlər. Əməliyyat olanlar da mütləq işarə dilini bilməlidirlər. Əks halda onların implantlarında problem ola, özünüifadədə çətinlik çəkə bilərlər".
Qızlar və oğlanlar üçün ayrıca yataqxana var
Məktəbdə səkkiz tərbiyəçi var, onlar növbəli şəkildə işləyirlər. Eyni zamanda, 2 həkim və 1 tibb bacısı fəaliyyət göstərir. Qızlar və oğlanlar üçün ayrıca yataqxana təşkil olunub. Ümumilikdə, gündəlik olaraq təxminən 100-105 uşaq yataqxanadan istifadə edir. Bəzi uşaqlar həftə ərzində yataqxanada qalır, həftəsonu isə valideynləri onları evə aparırlar. Elə uşaqlar da olur ki, yalnız müəyyən günlərdə burada qalırlar.
Bayram günlərində valideynləri uşaqları apara bilmədikdə bir neçəsi yataqxanada qala bilər. Belə hallarda tərbiyəçilər qrafik əsasında növbəyə çıxırlar. Məsələn, beş uşaq qalırsa, həmin uşaqlara nəzarət edən tərbiyəçi növbə üzrə məktəbdə olur.
Məktəbin yeməkxanası da var. Bu ildən yeməklər xüsusi bir şirkət tərəfindən hazırlanaraq gətirilir.
Öyrənirik ki, buradakı uşaqların diaqnozları da eyni deyil. Diaqnozu eşitmə məhdudiyyəti olan uşaqların arasında əlavə xüsusiyyətləri və ya yanaşı problemləri olanlar da var. Bəzi uşaqlar məktəbə uzun illər gəlirlər, lakin əlavə problemlərə görə tədris proqramını tam mənimsəməkdə çətinlik çəkirlər. Ona görə də hər uşağa fərdi yanaşılır.
Uşaqların potensialları və inkişaf səviyyələri də eyni deyil. İstedadlı uşaqlar müxtəlif sahələrə maraq göstərirlər. Amma elə uşaqlar var ki, əlavə əqli inkişaf xüsusiyyətləri mövcuddur. Buradakı əsas məqsəd də onların öz imkanları daxilində inkişaf etməsinə və gündəlik həyatda mümkün qədər müstəqil olmasına şərait yaratmaqdır.
Siniflərdə də uşaqların xüsusiyyətlərinə uyğun qruplaşdırma aparılır. Əqli inkişaf xüsusiyyətləri olan siniflərdə 6-dan çox, digər siniflərdə isə 8-dən çox şagird olmur.
Məqsəd mümkün qədər sosiallaşma və gündəlik həyatda özünüifadədir
Belə siniflərlə işləməyin müəllimlər üçün kifayət qədər çətin olduğuna diqqət çəkən direktor müavini valideynlərin də üzərinə böyük məsuliyyət düşdüyünü söyləyir:
"Elə valideyn var ki, övladının sağlamlığı və gələcəyi üçün böyük fədakarlıqlar edir. Bəziləri bütün imkanlarını övladının müalicəsinə və inkişafına yönəldirlər. Bəzi uşaqlarda müəyyən tibbi müdaxilələr və əməliyyatlardan sonra inkişaf əldə etmək mümkün olur. Burada əsas məqsəd yalnız uşağın müəyyən bacarığı öyrənməsi deyil, onun mümkün qədər sosiallaşması və gündəlik həyatda özünü ifadə edə bilməsidir. Əgər uşaq müəyyən yaşa qədər, heç olmasa, gündəlik ehtiyaclarını ifadə etməyi, ətraf mühitdə özünü aparmağı və insanlarla ünsiyyət qurmağı öyrənirsə, bu da böyük əhəmiyyət daşıyır".
Söhbət edə-edə bəzi siniflərdə dərs prosesini izləyirik...
Aldığımız məlumata görə, artıq məktəbə müraciət edən eşitmə məhdudiyyətli uşaqların sayı əvvəlki illərlə müqayisədə xeyli azalıb. Belə uşaqların bir qismi zəif eşidən uşaqlar üçün nəzərdə tutulan məktəblərə, bir qismi isə ümumi təhsil müəssisələrində yaradılan inklüziv siniflərə yönləndirilir. Amma eşitmə məhdudiyyəti olan uşaqlarla bağlı müəyyən çətinliklər hələ də qalır. Məsələn, jest dili ilə təhsil alan uşaqlar üçün müəllim çatışmazlığı var. Məktəbdə bir müəllimin jest dilini bilməsi kifayət etmir. Uşaq ibtidai sinifdən yuxarı siniflərə keçdikcə onlara müxtəlif fənn müəllimləri dərs deyir. Fizika, Azərbaycan dili və digər fənləri tədris edən müəllimlərin də jest dilini bilməsi lazımdır ki, uşağın təhsil hüququ tam təmin olunsun.
Qeyd edək ki, hazırda inklüziv təhsil müəyyən məktəblərdə tətbiq edilir, amma bunu hələ kütləvi şəkildə həyata keçirmək mümkün olmayıb.
Valideynlər niyə məhz bu məktəbi seçirlər?
Direktor müavini məktəbin müəllimlərinin eşitmə məhdudiyyətli uşaqlarla işləmək üzrə zəngin təcrübəsinin olduğunu bildirir. Buna görə bəzi valideynlər uşağının məhz bu məktəbdə təhsil almasını istəyirlər:
"Uşaqların öz aralarında yaratdığı mühit də mühüm amildir. Ümumi məktəbdə eşitmə məhdudiyyətli uşaq bəzən özünü tək hiss edə bilər. Burada isə uşaqlar bir-birilərini daha yaxşı anlayır, eyni ünsiyyət vasitəsindən istifadə edir və özlərini daha rahat ifadə edə bilirlər. Uşaqlar burada özlərini evdəki kimi hiss edirlər. Dərsdən sonra birlikdə oturub yemək yeyirlər, müxtəlif tədbirlərdə iştirak edir, rəqsə gedirlər. Vaxtlarını birlikdə keçirirlər və bir-biriləri ilə ünsiyyət qururlar. Məhz buna görə də məzunlarımız məktəbdən ayrıldıqdan sonra da ilk gəldikləri yer bura olur. Müəllimlərini görməyə gəlirlər. Bu da məktəblə uşaqlar arasında yaranan bağlılığın göstəricisidir".
Buraxılış imtahanlarında xüsusi yanaşma tələb olunur
Buraxılış imtahanları ilə maraqlanırıq. Məlum olur ki, məktəbin şagirdləri üçün vahid qaydalar tətbiq olunur, testlər və imtahanın keçirilmə qaydası bütün şagirdlər üçün eynidir.
"Valideynlər bu məsələ ilə bağlı bizə çox müraciət edirlər. Onlar istəyirlər ki, eşitmə məhdudiyyətli uşaqlar üçün imtahanın bir qədər sadələşdirilmiş variantının tətbiqi mümkün olsun. Biz də bu məsələni aidiyyəti şəxslərlə müzakirə etmişik. Bildirmişik ki, əgər məktəbdə uşaqlar üçün fərdi tədris proqramları tətbiq olunur və onların təhsil proqramı müəyyən qədər fərdiləşdirilirsə, buraxılış imtahanında da onların xüsusiyyətlərinə uyğun yanaşmanın tətbiqi məsələsinə baxılsın. Bu müraciətin nəzərə alınacağına ümid edirik. Məqsəd uşaqlar üçün imtahanı asanlaşdırmaqdan çox, onların təhsil aldıqları fərdi proqram və imkanlarına uyğun qiymətləndirilməsinə şərait yaratmaqdır", - direktor müavini qeyd edir.
Divarlardakı rəsmlərə baxırıq, hər biri şagirdlərinin öz əl işləridir. Elə bu əsnada rəsm dərsi keçirilən sinfə daxil oluruq. Müəllim Gülnarə Nəzirova lövhədəki izahını bitirib bizimlə söhbətə başlayır. O özünün də iki övladının eşitmə məhdudiyyətli olduğunu deyir:
"Əvvəl adi məktəbdə dərs deyirdim. Övladlarımın vəziyyətinə görə burada işləməyə başladım və artıq uzun illərdir, çalışıram. Uşaqlara rəsm sənətinin, rəssamlığın və dekorativ-tətbiqi sənətin sirlərini öyrədirik. Ola bilər ki, şagird sonradan bu sahədə təhsilini davam etdirməsin, amma burada öyrəndiyi sənət onun üçün gələcəkdə də faydalı ola bilər. Məsələn, şagird bir boşqabı bəzəyib kiməsə hədiyyə edə bilər və ya satış üçün hazırlaya bilər. Hətta özünün sosial media səhifəsini yaradıb hazırladığı işləri paylaşa, təqdim edə və onlardan gəlir əldə edə bilər.
Bundan əlavə, rəssamlıq uşaqların rəngləri tanımaq, estetik zövqünü inkişaf etdirmək bacarığına da müsbət təsir göstərir. Bu, onların gündəlik həyatında da özünü göstərir. Məsələn, geyim və digər seçimlər edərkən daha rahat qərar verə bilirlər. Belə fəaliyyətlər uşaqların hərtərəfli inkişafına kömək edir".
Uşaqlar daktil vasitəsilə uzun-uzadı danışanda daha tez yorulurlar
İnternat məktəbində tədrisin əsas hissəsindən biri də loqoped məşğələləridir. Burada şagirdlərə güzgü qarşısında səslər, jestlər öyrədilir. Ruhəngiz İbrahimova qeyd edir ki, 6 yaşında qəbul edilən uşağın ağzı hələ tam formalaşmamış olur:
"Ona görə də, ilk növbədə, onun inkişafı üzərində işləyirik. Üz, dil və digər ağız nahiyəsinin masajı həyata keçirilir. Daha sonra səslərin və hərflərin düzgün tələffüzünü öyrədirik. Hərfi göstəririk, onların istifadə etdiyi daktil əlifba ilə həmin hərfin necə ifadə olunduğunu izah edirik. Məsələn, "A" hərfini göstəririk və onun necə səsləndirildiyini öyrədirik. Uşaq səsi hiss edə bilsin deyə əlini öz boğazına qoyuruq. Məsələn, "A" səsini tələffüz edərkən boğazındakı vibrasiyanı hiss edir. Eyni zamanda, ağız quruluşuna baxır və səsin düzgün alınması üçün dodaqların, dilin vəziyyətini öyrənir. Güzgüdən də istifadə edirik. Uşaq öz ağız quruluşunu görür və müəllimin ağız hərəkəti ilə müqayisə edir. Beləliklə, tədricən həmin səsi düzgün çıxarmağı öyrənir.
Sonra hecalara keçirik. Hecalardan sözlərə, sözlərdən isə qısa cümlələrə keçirik. Proses bu ardıcıllıqla davam edir. Bununla yanaşı, uşaqlara mimikaları və jestikaları da öyrədirik. Bu proses 11-ci sinfə qədər davam edir. Əlbəttə, yaş və sinif səviyyəsinə uyğun olaraq mövzular dəyişir".
O, ibtidai siniflər üçün ayrıca mövzular, yuxarı siniflər üçün isə daha mürəkkəb mətnlər və tapşırıqlar nəzərdə tutulduğunu bildirir:
"Daktil əlifba ilə hər şeyi ifadə etmək mümkündür. Amma uşaqlar daktil vasitəsilə uzun-uzadı danışanda daha tez yorulurlar. Məsələn, "alma istəyirəm" ifadəsini daktil əlifba ilə göstərmək bir qədər uzun çəkir. Jestlə isə həmin fikri daha tez və rahat çatdırmaq mümkündür. Ona görə gündəlik ünsiyyətdə jest dili uşaqlar üçün daha rahat olur".
Daktil və jest dilinin beynəlxalq olub-olmaması sualına loqoped belə cavab verir:
"Daktil əlifbasının əsas prinsipləri müxtəlif ölkələrdə oxşar olsa da, jest dilləri tamamilə eyni deyil. Hər ölkənin öz jest dili və özünəməxsus işarələri ola bilər. Azərbaycanda da jest dilinin öz xüsusiyyətləri var. Daktil əlifba isə müəyyən mənada əlifbadakı hərflərin işarələrlə ifadəsinə əsaslanır. Bu baxımdan, eşitmə məhdudiyyətli bir azərbaycanlı ilə başqa ölkədən olan eşitmə məhdudiyyətli insan birbaşa bütün sözləri başa düşməyə bilər. Necə ki, danışıq dilində tərcüməyə ehtiyac yaranır, jest dilində də fərqli dillər arasında tərcüməçi lazım ola bilər. Bununla belə, jestlər və bədən dili müəyyən hallarda insanların bir-birini daha asan anlamasına kömək edir. Eşitmə məhdudiyyətli insanlar da bu vasitələrdən geniş istifadə edirlər".
Beləcə, müsahiblərimin dediklərindən də aydın olur ki, bu məktəbdən ayrılan hər bir məzunun yolu fərqli olsa da, burada qazandığı bacarıqlar onun gələcək həyatında mühüm rol oynayır. Bəlkə də bu məktəbin əsas uğuru uşaqlara yalnız bilik deyil, həm də özlərini ifadə etmək və həyatda öz yerlərini tapmaq üçün imkan yaratmaqdır. Biz də onlara səslərinin və sözlərinin daim eşidilməyini və həyatda özlərinə layiqli yer tapmalarını arzulayırıq.