STAR NEZ 2023-cü ildə Türkiyəyə idxal edilən neftin 36 %-dən çoxunu qəbul edib

Energetika
  • 11 iyun, 2024
  • 09:52
STAR NEZ 2023-cü ildə Türkiyəyə idxal edilən neftin 36 %-dən çoxunu qəbul edib

Azərbaycan Dövlət Neft Şirkətinin Türkiyədəki törəməsi olan “SOCAR Turkiye Enerji”nin nəzarət etdiyi STAR Neft Emalı Zavodu (NEZ) 2023-cü ildə 11 milyon 366 min 129,46 ton neft idxal edib ki, bu da 2022-ci illə müqayisədə 2,95 % çoxdur.

“Report” bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun (Enerji Piyasası Düzenleme Kurumu – EPDK) 2023-cü ilin yekunlarına dair hesabatına istinadən xəbər verir.

Bildirilib ki, 2023-cü ildə Türkiyə ümumilikdə 31 milyon 395 min 135,96 ton neft idxal edib (6,24 % az). Neft idxalı isə 2 neft emalı zavodu tərəfindən həyata keçirilirib. Ən böyük həcm və ya bütün idxalın 63,8 %-i “Tüpraş” Neft Emalı Zavodunun payına düşüb: 20 milyon 029 min 006,5 ton.

2023-cü ildə Türkiyəyə idxal edilən bütün neftin 36,2 %-i isə STAR NEZ-in payına düşüb.

STAR NEZ-in illik xam neft emal gücü 13 milyon tondur. Zavod “Petkim” neft-kimya kompleksini xammalla təmin edir və SOCAR-ın özünün dizel yanacağı və təyyarə yanacağı, eləcə də kimya sənayesi üçün xammalla Aralıq dənizi bazarına çıxmasına şərait yaradır.

SOCAR STAR Neft Emalı Zavodunun tikintisinə və inkişafına 7 milyard ABŞ dollarına yaxın sərmayə qoyub.